Reportajda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer verilir. H.Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdırır. O, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal və tamamilə çıxmasını tələb edən dörd qətnamə qəbul etdiyini vurğulayır.
Tom Burridge Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olduğunu diqqətə çatdırır. O, Dağlıq Qarabağ regionu ətrafındakı digər rayonların da Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayır.
Reportajda yaxınlarını itirmiş insanların şəkillərini əllərində tutan yerli sakinlərin erməni vəhşilikləri barədə müsahibələri təqdim edilir. Onlardan biri də Qənbər Mustafayevdir. Qardaşının Vətən uğrunda şəhid olduğunu deyən Qənbər özünün də bu yolda canından keçməyə hazır olduğunu bildirir.
Müəllif reportajda Bərdədəki tibbi mərkəzdə müalicə olunan yaralıların fikirlərinə də yer verir. Ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış evlər, məktəb binası ilə bağlı kadrlar tamaşaçıların diqqətinə çatdırılır.
İnterpress.az