Sentyabr ayı ərzində Hacıqabul və Masallı rayonunda 40-dan çox gəncin iştirakı ilə gənc benefisiarlar üçün “Gənclər arasında İKT bacarıqlarının artırılması” layihəsi həyata keçirilib.
Layihə müddətində ilk gün iştirakçı gənclərin təlimlərə adaptasiyası, onların şəbəkələşməsini təmin etmək, həmçinin öz problemlərini, qarşılaşdıqları çətinliklər haqqında danışmaq, ünsiyyət bacarıqlarının inkişafı, sosial fəallıqlarının artırılması istiqamətində müxtəlif komanda işləri təşkil edilib və maarifləndirici videoçarxlar izlənilib.
Təlimlərin ikinci günü iştirakçılar potensialların üzə çıxarılması, İKT ilə əlaqədar bacarıqlarının artırılması ilə bağlı təlimlərdə iştirak ediblər. Gənclərə kompyuterdən istifadə qaydaları və ilkin anlayışlar, kompyuterin hissələri, bəzi proqram təminatları, brauzerlər, təhlükəsiz internet və sosial şəbəkələrdən düzgün istifadə edilməsi mövzularını özündə əks etdirən təlimlər keçirilib.
Bununla yanaşı, kompyuter biliklərinin onların gələcək karyeralarında yaradacağı imkanlar haqqında geniş məlumatlar verilib, iştirakçıların ideyaları dinlənilib və birgə fikir mübadiləsi aparılıb.
Layihənin keçirilməsində məqsəd Azərbaycanın regionlarında yaşayan məktəblilər və gənclərin İKT bacarıqlarının artırılması, onların sürətlə inkişaf edən sosial şəbəkələrdən düzgün istifadəsi təbliğ etməkdir.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Gənclər arasında İKT bacarıqlarının artırılması” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qaliblərindən biridir.