Almaniyada İrana casusluqda və qətl planlaşdırmaqda ittiham olunan iki nəfərə həbs cəzası verilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Almaniyanın Hamburq Ali Regional Məhkəməsi İrana işləməkdə şübhəli bilinən iki nəfərlə bağlı hökm çıxarıb.
Danimarkada yaşayan 54 yaşlı Əli S. 8 il 6 ay, 43 yaşlı Tavauba M. isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qənaətinə görə, hər iki şəxs Almaniyada ayrı-ayrı şəxslər barəsində casusluq edib və qətl planlarının hazırlanmasında iştirak ediblər.
Onların hədəfləri arasında Almaniya Yəhudiləri Mərkəzi Şurasının sədri Yozef Şuster və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Folker Bek də olub.
Bundan başqa, Əli S.-nin Berlində koşer ərzaq mağazasını yandırmağa hazırlaşdığı müəyyən edilib.
Məlumata görə, o, tapşırıqları birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdə fəaliyyət göstərən “Qüds” qüvvələrindən alıb.
Xuraman Etibarlı
İnterpress.az






