Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı məsciddə törədilən əmələ görə edam edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “AJEL” nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanında Banqladeş vətəndaşları Nazerul İslam Abdul Basir və Siti Axtarın barəsində çıxarılmış ölüm hökmü icra olunub.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, edam oktyabrın 14-də həyata keçirilib.
Məhkəmə hər iki şəxsi məscidin müqəddəsliyini pozmaqda təqsirli bilib. Lakin Səudiyyə Ərəbistanı rəsmiləri onların konkret olaraq hansı əməli törətdiklərini açıqlamayıblar.
Ciddədəki Banqladeş konsulluğu edamlarla bağlı əvvəlcədən heç bir bildiriş almadığını bildirib.
Ciddədəki Banqladeş Baş Konsulluğu vəziyyəti rəsmi olaraq təsdiqləmək üçün Səudiyyə Ərəbistanı hakimiyyəti ilə əlaqə saxlayıb.
Missiya sözçüsü cümə axşamı günü WhatsApp mesajında ”Konsulluğa nazirlik tərəfindən əvvəlcədən məlumat verilməyib” deyə bildirib.
Rəsmi şəxs əlavə edib ki, “Bu münasibətlə, biz Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə bu sorğunun rəsmi təsdiqlənməsi üçün verbal nota göndərmişik”.
Xuraman Etibarlı
İnterpress.az






