Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçala seçiciləri ilə görüşüb.
İnterpress.az xəbər verir ki, millət vəkili ilk öncə Neftçala Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman vətən oğullarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarlarına tər güllər düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxunub.
Tənzilə Rüstəmxanlı daha sonra görüş yerinə gedib. Görüşdə vətəndaşlar tərəfindən məktəblərin əsaslı təmir olunması, işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su və internet xəttlərinin çəkilişinin düzgün layihələndirilməsi, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər ən çox səsləndirilən fikirlərdən olub.
Millət vəkili şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.
Digər seçicilərin də hər birinin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.
Görüşdə seçicilərdən bir neçə nəfər artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, millət vəkili Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü hər ay mütəmadi olaraq keçiriləcək.
İnterpress.az