Bir çox bölgələrin müharibə, iqtisadi-siyasi böhran günlərini yaşadığı bir zamanda Azərbaycan və Türkiyə qardaşlığı bir daha dünyaya barış və inkişaf nümunəsi göstərdi.
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı yalnız iki ölkə arasında olan qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bariz nümunəsi deyildi, bu həm də imperalist niyyətləri ilə dünyanı qan çanağına çevirən güclərə qarşı alternativ örnək, zülmə əks olan xeyirxahlıq göstərişi idi. Bu gün həmin supergüclərin ağalığı və antiinsani siyasəti nəticəsində şəhərlər xaraba qalır, milyonlarla insan öz yurd-yuvasından didərgin düşür. Azərbaycan-Türkiyə qardaşlığının ortaya qoyduğu gerçəklik isə tamam fərqlidir. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işlərini uğurla həyata keçirir, 30 il ərzində Ermənistan tərəfindən viran qoyulmuş torpaqlarımız bu gün yenidən qurulur. Uzun illər Vətən həsrəti ilə yaşamış insanların doğma torpaqlarına qayıdışı təmin olunur. Türkiyə dövləti də qısa müddət ərzində təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində böyük uğurlara imza atıb. Yeni, müasir binalar tikilir, infrastruktur yenidən qurulur. Təbii ki, bu iki məqam, eyni zamanda Azərbaycanın və Türkiyənin iqtisadi qüdrətinin bariz göstəricisidir.
Azərbaycan-Türkiyə münasibətlərindən söhbət açarkən, ilk növbədə, bu iki ölkə arasında əlaqələrin böyük və şərəfli tarixinə nəzər salmaq istərdik. Hər zaman ortaq dil və din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu münasibətləri şərtləndirən amillər sırasında mühüm yer tutub. Azərbaycan və Türkiyə öz tarixlərinin ən mürəkkəb dövrlərində belə bir-birinə dəstək olub. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün taleyüklü bir məsələnin gerçəkləşməsinin nümayişinə çevrilib. Xatırladaq ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü, eyni zamanda perspektivlərini özündə parlaq ifadə edən ən mükəmməl formul kimi hazırda da qəbul olunur, bunun gələcək zamanlarda da mühüm önəm daşıyacağı heç bir şübhə doğurmur.
Bu gün “Bir millət, iki dövlət” fəlsəfəsi, sadəcə, bir şüar deyil, bu gün hər iki ölkənin daxili və xarici siyasətində xüsusi önəm verilən əsas dəyərdir. Əgər dünən Azərbaycan torpaqlarının işğaldan azad olunması zamanı Türkiyə siyasi və mənəvi dəstəyi ilə Azərbaycan xalqının yanında oldusa, bu gün də Azərbaycan Kahramanmaraşın bərpası üçün əzmlə çalışdı, bu yolda əlindən gələn səyi əsirgəmədi. Qardaş ölkənin təbii fəlakət nəticəsində ağır zərər görmüş bölgələrinə göstərilən bu dəstək, sadəcə, birgə tarixə deyil, ortaq gələcəyə də bir inam nümayişidir. Azərbaycanlı mühəndislər, inşaatçılar, humanitar təşkilatlar orada, sadəcə, binalar deyil, gələcəyin simvolunu inşa edirlər.