“Təkamül Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Şəhid ailələri və müharibə iştirakçıları ailələrindən olan uşaqlar üçün psixo-sosial reabilitasiya” adlı layihənin icrasına başlayır. Layihə “Konstitusiya və Suverenlik” mövzusuna həsr olunub.
Ilk gün uşaqlar “emosiyalarımızı tanıyaq” adlı oyunla emosiyalarını ifadə etdilər. Daha sonra emosiyalar, onların insan həyatına təsiri, gələcək həyatımızda hisslərin doğru ifadə olunmasının vacibliyi, xüsusilə həssas təbəqədən olan uşaqların emosiyalarını gizlətməsinin yarada biləcəyi fəsadlardan danışdılar.
Daha sonra Azərbaycan Respublikasının keçdiyi qələbə yolunda emosional və psixoloji hazırlığa aid sessiya keçirildi. Uşaqlar öz güclərinin və müsbət tərəflərinin fərqində olsunlar deyə onlarla birgə “Güc ağacı” yaradıldı. Beləliklə, uşaqlar əslində özlərinin gücü olaraq adlandırmadığı, amma həyatda uğur qazanmaq üçün vacib olan əlamətlər haqqında məlumatlar əldə etdilər.
Uşaqlara hər təlimdə ötürülən biliklərin mənimsənilməsi səviyyəsini yoxlamaq üçün post-testlər təqdim edildi. Əksər uşaqların cavablarında doğruluq payının çox olması onların təlimdə nə qədər effektiv şəkildə yararlanmasını görməyimizə səbəb oldu.
Xüsusilə həssas təbəqədən olan uşaqlarla psixososial maarifləndirilmənin onların yaş və inkişaf həddinə uyğun olaraq keçirilməsi gələcək həyatlarına birbaşa və əsaslı pozitiv təsir göstərir. Emosional və psixoloji cəhətdən sağlam nəslin yetişdirilməsi istiqamətində bu tipli tədbirlərin mütəmadi olaraq keçirilməsi vacibdir.