Göttingen məhkəməsi doqquz yaşlı qıza tibbi səhvlərə görə bir milyon avro təzminat təyin edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Göttingen məhkəməsi həkim səhvi ilə bağlı görünməmiş bir qərar qəbul edib. Hakim doqquz yaşlı qıza çəkdiyi əziyyətə görə bir milyon avro təzminat ödənilməsinə qərar verib. Bu, belə hallar üçün rekord məbləğdir.
Hekayə 2016-cı ildə qızın doğuş zamanı ağır xəsarət alması ilə başlayıb.
Hakimin qərarına görə, doğuş otağında kobud səhvlərə yol verilib: həkimlər təcili qeysəriyyə əməliyyatı keçirməyib, həyəcan siqnallarını hiss etməyib, uşaq doğuşdan sonra oksigen almayıb. Bundan əlavə, həkimlər yeni doğulmuş xəstə uşaqlara qulluq etmək üçün istifadə olunan xüsusi xidmətə vaxtında qoşulmayıblar.
Nəticələri fəlakətli olub. Qız doğulduğu gündən ağır xəstədir: danışa bilmir, özbaşına yemək yeyə bilmir və gecə-gündüz qayğı tələb edir. Məhkəmənin qərarında qeyd olunur ki, gələcəkdə irəliləyiş gözləmək olmaz.
Nəticədə klinikaya bir milyon avro təzminat ödəməyə qərar verilib.
Faciənin baş verdiyi xəstəxananın ginekoloji şöbəsi artıq bağlanıb. Lakin qərar hələ qüvvəyə minməyib – klinikanın hələ də apellyasiya şikayəti vermək imkanı var.
Xuraman Etibarlı
İnterpress.az