Netanyahu hökumətinin siyasəti İsrailin təhlükəsizliyinə zərər vurur.
İnterpress.az xəbər verir ki, Niderlandın keçmiş xarici işlər naziri Veldkamp Qəzza zolağında davam edən müharibənin dayandırılmasının vacibliyini bildirib.
O, ötən həftə istefa verdikdən sonra İsrailin 12-ci televiziya kanalına müsahibəsində müharibənin artıq 7 oktyabr 2023-cü il hadisələri ilə “əsaslandırıla bilmədiyini” və müdafiə xarakteri daşımadığını qeyd edib.
Veldkamp həmçinin İsrailin “İsrailin Təhlükəsizliyi naminə Komandirlər” hərəkatının ABŞ prezidenti Donald Trampa ünvanladığı məktubdan təsirləndiyini vurğulayıb.
Həmin məktubda keçmiş israilli hərbi komandirlər də müharibənin dayandırılması və danışıqlara qayıdılması çağırışı ilə çıxış ediblər.
Onların fikrincə, İsrail ordusu artıq iki əsas məqsədə nail olub: HƏMAS-ın hərbi və siyasi strukturlarının zərərsizləşdirilməsi.
Məktub müəllifləri hesab edirlər ki, girovların azad olunması üçün yeganə yol dərhal hərbi əməliyyatları dayandırmaq və danışıqlara başlamaqdır.
Veldkamp isə vurğulayıb: “İsrailin dostu kimi xəbərdarlıq etməyi vacib sayıram – Qəzzadakı hərbi əməliyyat və baş nazir Netanyahunun hazırkı siyasəti İsrailin təhlükəsizliyinə və milli kimliyinə ciddi zərbə vurur”.
Xuraman Etibarlı
İnterpress.az