Uzun boylu qadınlar ömür yoldaşı tapmaq üçün əməliyyatların köməyi ilə boylarını azaltmağa başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “Vice” nəşri məlumat yayıb. Məlumata görə, İstanbulda qeyri-adi cərrahi əməliyyatlara maraq artıb. Qadınlar boylarını kiçiltmək üçün ayaqlarını qısaltdırırlar.
Pasiyentlər hesab edirlər ki, bu addım şəxsi həyatlarında uyğun boyda partnyor tapmalarına kömək edə bilər.
Əməliyyat zamanı cərrahlar bud və ya baldır sümüyünü kəsərək bir hissəsini çıxarır və qalan hissəni metal çubuqla fiksasiya edirlər. Bu üsulla budun uzunluğu təxminən 5,5 sm, baldırın isə 3 sm qısaldıla bilər. Məsələn, bir qadının boyu 172 sm-dən 167 sm-ə enib.
“Daily Mail” yazır ki, 2023-cü ildən bəri İstanbuldakı klinikalardan birində ən azı 10 belə əməliyyat keçirilib.
Bununla belə, bu cür prosedurlar hələ də nadir hesab olunur – qadınlar daha çox klassik estetik əməliyyatlara, məsələn, liposaksiya, döş korreksiyası və rinoplastikaya üstünlük verirlər.
Nəşrlərdə boylarını aşağı salan qadınların hansı fəsadlarla üzləşdiyi və bu cür qurbanlardan sonra kişi tapıb-tapmadığı barədə məlumat verilmir.
Xuraman Etibarlı
İnterpress.az