Ermənistan Müdafiə Nazirliyinin qarşısında qarşıdurma – itkin düşmüş əsgərlərin yaxınları ilə hərbi polis arasında gərginlik yaşanıb
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında itkin düşən əsgərlərin yaxınları ilə hərbi polis arasında toqquşma olub.
İtkin düşmüş əsgərlərin ailə üzvləri nazirlik binası qarşısına toplaşaraq hökumətdən konkret cavablar və addımlar tələb ediblər.
Etirazçılar yaxınlarının taleyi ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasını, onların harada olması barədə məlumat verilməsini istəyiblər.
Aksiyanın gedişatında etirazçılarla əraziyə cəlb olunmuş hərbi polis əməkdaşları arasında qarşıdurma baş verib.
Sosial şəbəkələrdə yayılan kadrlarda insanların Müdafiə Nazirliyinin girişinə doğru hərəkət etdiyi və hüquq-mühafizə orqanlarının bunun qarşısını almağa çalışdığı görünür. Fiziki təmas və qarşılıqlı itələşmə qeydə alınıb.
Hazırda insidentlə bağlı rəsmi açıqlama verilməyib. Hadisə cəmiyyətdə və sosial şəbəkələrdə ciddi rezonans doğurub, hökumətə şəffaflıq və məsuliyyət çağırışları səsləndirilir.
Xuraman Etibarlı
İnterpress.az