Düşənbə sammitindən Laçına uzanan diplomatik uğur zənciri – Tənzilə Rüstəmxanlı yazırbackend

Düşənbə sammitindən Laçına uzanan diplomatik uğur zənciri – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsi önəmli yer tutur. Müstəqillik tarixində respublikamız əksər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu kontekstdə Azərbaycanın keçmiş ittifaq respublikalarının iştirakı ilə yaradılan Müstəqil Dövlətlər Birliyində təmsilçiliyi də diqqət çəkir.

Tənzilə

MDB Dövlət Başçıları Düşənbədə keçirilən növbəti sammiti də Azərbaycan üçün bir neçə baxımdan yadda qaldı. Sammit çərçivəsində Azərbaycan və Rusiya liderlərinin görüşü, ölkəmizin haqlı tərəblərinin Kreml rəhbəri tərəfindən qəbul olunması xüsusi bir hadisə idi.

Bununla yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirak edən dövlət başçılarıilə səmimi dialoqu və açıq aşkar hiss edilən nüfuzu dövlətimiz adına qürurvericidir.

Eyni zamanda Prezidentin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı çıxışı da xüsusi diqqət çəkdi. Çıxışını qardaş Tacikistan xalqının uğurlarına sevinclə başlayan Prezident Düşənbənin necə sürətlə inkişaf etdiyini bildirməklə hər bir inkişafa və tərəqqiyə diqqətlə yanaşdığını göstərdi. Bu, həm də Azərbaycanın dövlət adına qarşıdurma, hərbi və siyasi konfliklər yox, iqtisadi inkişaf, əməkdaşlıq və insanların rifahından yana olmasının bir mesajı idi.

Bu baxımdan Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi təşkilatda Azərbaycana göstərilən hörmət və etimadın təsdiqi ilə yanaşı, həm də bizim bir xalq olaraq qlobal proseslərdə missiyamızın göstəricisi sayıla bilər.

Dövlətimizin başçısının dediyi kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Laçının ölkəmiz üçün strateji önəmi də çoxdur. 1992-ci ildə bu şəhər işğal olunarkən Ermənistan ilə Qarabağ separatçıları arasında coğrafi əlaqə yaranmışdı.

Otuzillik işğaldan sonra Laçın azad olundu, hazırda bu şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Artıq azad olunmuş və yenidən qurulan Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimində iştirak edən MDB təmsilçiləri tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrildiyinin şahidi oldular.

Ötən müddət ərzində MDB həyatında daha bir mühüm hadisə qədim Gəncə şəhərində keçirilən III MDB Oyunları oldu ki, Azərbaycan lideri bu məqama da çıxışında yer ayırdı.

Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi.

Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Bu, eyni zamanda özünü hərb və diplomatiya meydanında qalib kimi təsdiq edən ölkəmizin dünyaya barış və inkişaf mesajıdır.