Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq enerji sahəsində rolunu gücləndirir – Tənzilə Rüstəmxanlı yazırbackend

Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq enerji sahəsində rolunu gücləndirir – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlı davranmaqdır. Bu baxımdan Azərbaycan müsbət mənada fərqlənir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Bu baxımdan 10 ildən artıqdır ki, hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır.

media-eb7c021b-040e-42df-a284-1fa71097a471

Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılmışdı.

Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır.

Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir çox mühüm mesajlar verib. Ölkə başçısı əməkdaşlığın yeni perspektivlərinin müzakirə olunduğu toplantıda əməkdaşlığın gücləndirilməsi, mövcud qaz boru kəməri sisteminin genişləndirilməsi və enerji təhlükəsizliyi kimi mühüm məsələləri xüsusi qeyd edib. Əlbəttə, bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində nə qədər mühüm rol oynadığını göstərir.

Bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə diqqət yönəldildi, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlıq mövcuddur. Azərbaycan qazına olan tələbat göz qabağındadır. Ölkəmiz etibarlı tərəfdaş kimi özünü dünyada təsdiq edib.

Ötən illərin göstəriciləri, əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan hər zaman vədinə sadiq, sözü imzası qədər keçərli dövlətdir. Azərbaycan qazıntı yanacağında olduğu kimi yaşıl enerji sahəsində də uğurlu addımlar atır.

Ölkəmiz yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb etsə də, yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünyanın inkişaf etməsi mümkün deyil.

Ölkəmizin qazandığı bütün bu uğurların mənbəyində Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir.

Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib.