Zabaykalye diyarında apolis 15 yaşlı sürücünü saxlamaq üçün silaha əl atıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Rusiyanın Zabaykalye diyarında yol-patrul xidməti əməkdaşları ilə yeniyetmə sürücü arasında gərgin təqib yaşanıb.
15 yaşlı yeniyetmə nömrə nişanı olmayan “VAZ-2106” markalı avtomobili idarə edərkən polisin “saxla” əmrinə tabe olmayaraq qaçmağa başlayıb.
Təqib zamanı yeniyetmə idarəetməni itirərək başqa bir avtomobilə çırpılıb. Buna baxmayaraq hərəkətini davam etdirən sürücünü durdurmaq üçün inspektor xidməti silahdan istifadə edərək avtomobilin təkərlərinə atəş açıb.
Saxlanılan yeniyetmə polisə verdiyi ifadədə sürücülük vəsiqəsinin olmadığı üçün saxlanılmaqdan qorxduğunu və buna görə də polislərdən qaçdığını etiraf edib.
Hazırda yeniyetmənin valideynləri barəsində azyaşlıya nəzarətsizlik etdikləri üçün müvafiq tədbirlərin görülməsi məsələsi nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.az






