Fransada 11 yaşlı qızın itkin düşməsi ilə bağlı genişmiqyaslı axtarışlar başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Fransanın cənub-qərbindəki Flerans şəhərində 11 yaşlı məktəbli qız – Lianna mayın 29-da məktəbdən evə qayıdarkən itkin düşüb.
Onun yoxa çıxması ilə bağlı valideynləri dərhal polisə müraciət ediblər.
Hazırda polis, hərbçilər, yerli ovçular, qonşular və dostların iştirakı ilə genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir. Şəhərin hər yerinə qızın fotoşəkilləri vurulub.
Hakimiyyət orqanları qızın evdən qaçması ehtimalını demək olar ki, tamamilə istisna edir, çünki onun əvvəllər belə bir davranışı olmayıb.
İstintaq əsas versiya kimi oğurluq ehtimalını araşdırır. Prokurorluq bildirib ki, müşahidə kameralarının görüntülərində Liannanın cümə günü günorta saatlarında bir kişinin idarə etdiyi avtomobilə mindiyi əks olunub.
Həmin şəxsin qızın rəfiqələrindən birinin 41 yaşlı atası olduğu müəyyən edilib. Dindirilmə zamanı o, qızın xahişi ilə onu üzgüçülük hovuzuna apardığını desə də, prokuror onun ifadələrinin ziddiyyətli olduğunu bildirib.
Məlumata görə, şübhəli şəxs beş il əvvəl bir şagirdə qarşı qeyri-adekvat davranışına görə müəllimlik vəzifəsindən kənarlaşdırılıb. Hazırda həmin şəxs nəzarət altına alınıb.
Axtarışlar bütün regionda intensiv şəkildə davam etdirilir, vətəndaşlar hər hansı məlumatı dərhal polisə bildirməyə çağırılır.
Xuraman Etibarlı
İnterpress.az






