İsveç məhkəməsi işğal olunmuş ərazilərdən taxıl daşıyan gəminin Ukraynaya verilməsinə icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsveç dairə məhkəməsi Baltik dənizində “Caffa” balkerinin (yük gəmisinin) saxlanılmasının qanuni olduğuna və gəminin Ukraynaya təhvil verilə biləcəyinə dair qərar çıxarıb.
Ukrayna hüquq-mühafizə orqanları bu gəminin Rusiyanın işğal etdiyi ərazilərdən qanunsuz olaraq taxıl daşınmasında istifadə edildiyindən şübhələnir.
Gəmi 2026-cı il martın 6-da İsveç Sahil Mühafizəsi və polisi tərəfindən Baltik dənizində, Trelleborq şəhəri yaxınlığında saxlanılıb. Buna səbəb gəminin dənizçilik qanunlarını pozaraq saxta qeydiyyat altında hərəkət etməsi olub.
Cari ilin aprel ayında İsveç məhkəməsi Ukraynadan qanunsuz taxıl ixracı ilə əlaqəli olduğuna görə yük gəmisinin müsadirə olunması barədə qərar qəbul etmişdi. Lakin gəmi sahibinin vəkili bu həbs qərarından apellyasiya şikayəti verərək gəminin sərbəst buraxılmasını tələb etmişdi.
İsveç məhkəməsinin yeni qərarı ilə bu etiraz rədd edilib və gəminin Ukraynaya təhvil verilməsi prosesinin hüquqi tərəfi təsdiqlənib.
Xuraman Etibarlı
İnterpress.az






