Çelyabinskdə dostları ilə birlikdə sörfinq edən 35 yaşlı qadın yıxılaraq çayda itkin düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Çelyabinsk vilayətində daha bir bədbəxt hadisə qeydə alınıb. Dostları ilə birlikdə sörfinq taxtasında gəzintiyə çıxan 35 yaşlı Valeriya müvazinətini itirərək çaya yıxılıb və güclü axın tərəfindən aparılaraq itkin düşüb.
Hadisə turistlərin və idmançıların tez-tez raftinq və qayıq turları təşkil etdiyi, dik qayaları, mağaraları və tunelləri ilə məşhur olan dağ çayında baş verib.
Gəzinti zamanı yerli sakin olan gənc qadın sörfinq taxtasının üzərində dura bilməyib, bu zaman avarı daşlara çırpılıb, özü isə müvazinətini tamamilə itirərək suya yıxılıb.
Hadisə yerinə dərhal regional axtarış-xilasetmə qrupları, xüsusi dalğıclar və polis əməkdaşları cəlb olunub. Çayın həmin hissəsində axının həddindən artıq sürətli olması və sualtı qayalıqların çoxluğu axtarış işlərini ciddi şəkildə çətinləşdirir.
Hazırda xilasedicilər çay boyunca və sahil xəttində genişmiqyaslı axtarış tədbirlərini davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






