İtaliya hərbçiləri Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid tankeri ələ keçiriblər.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İtaliya dəniz piyadaları Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid neft tankerini saxlayıblar.
Sürətli katerlərlə gəmiyə yaxınlaşan xüsusi təyinatlılar helikopterin dəstəyi ilə göyərtəyə qalxaraq xüsusi əməliyyat keçiriblər.
Saxlanılan gəmi Avropa İttifaqının (Aİ) rəsmi sanksiya siyahısında olan “MV SOUTH STAR” neft tankeridir.
Ekvatorial Qvineya bayrağı altında üzən bu tankerin Rusiya Prezidenti Vladimir Putinin “kölgə donanması”nın bir hissəsi olduğu iddia edilir.
Əməliyyat Avropa İttifaqının Aralıq dənizində həyata keçirdiyi “EUNAVFOR MED IRINI” missiyası çərçivəsində reallaşdırılıb və gəmidə hərtərəfli təftiş aparılıb.
Sanksiyalardan yayınmaq istəyən “MV SOUTH STAR” tankeri son illərdə bir neçə dəfə rəsmi qeydiyyatını dəyişib.
Gəmi əvvəlcə Marşal adaları, daha sonra isə ardıcıl olaraq Qvineya-Bisau, Kamerun və son olaraq Ekvatorial Qvineyada qeydiyyata keçirilib.
Xuraman Etibarlı
İnterpress.аz






