İstanbulda özlərini hakim kimi təqdim edərək vətəndaşları aldadan dəstə yaxalanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində özlərini hakim kimi təqdim edən fırıldaqçı dəstə ifşa edilib.
Dəstə üzvləri müxtəlif problemləri və məhkəmə çəkişmələri olan vətəndaşlara müraciətlərini müsbət istiqamətdə “həll edəcəklərini” vəd edərək onların külli miqdarda vəsaitini mənimsəyiblər.
Hadisənin ən maraqlı və qeyri-adi tərəfi isə dəstə başçısının ailəsi ilə bağlı olub.
Araşdırmalar zamanı məlum olub ki, cinayətkar şəbəkə rəhbərinin həyat yoldaşı da uzun müddət ərinin həqiqətən dövlət hakimi vəzifəsində çalışdığına sidq-ürəklə inanıb.
Polisin keçirdiyi uğurlu əməliyyat nəticəsində dəstənin bütün üzvləri saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı fırıldaqçılıq maddəsi ilə cinayət işi başlanılıb, zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.аz






