Rusiya “Telegram”ın ən populyar tanışlıq botu “Dayvinçik”i bloklamağa hazırlaşır.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya İstintaq Komitəsi “Telegram” messencerində fəaliyyət göstərən məşhur “Dayvinçik” (Daivinchik) tanışlıq çat-botunun ölkə ərazisində rəsmi şəkildə bloklanması üçün tədbirlər görüldüyünü bəyan edib.
Dövlət qurumunun rəsmi açıqlamasına görə, bu çat-bot Ukrayna xüsusi xidmət orqanlarının rusiyalı gənclərlə əlaqə qurmaq və onları əməkdaşlığa cəlb etmək üçün istifadə etdiyi geniş yayılmış sxemlərdən biridir.
İstintaq Komitəsi bildirib ki, Ukrayna kəşfiyyatının əməkdaşları fərqli adlar altında özlərini gənc qızlar kimi təqdim edərək rusiyalı yeniyetmələri tora salırlar.
Hazırda Rusiya hüquq-mühafizə orqanları bu çat-bot vasitəsilə yeniyetmələri qeyri-qanuni fəaliyyətə cəlb edən Ukrayna xüsusi xidmət əməkdaşlarının şəxsiyyətini müəyyənləşdirirlər.
“Dayvinçik” Rusiyada gənclər və yeniyetmələr arasında ən populyar virtual tanışlıq və ünsiyyət vasitələrindən biri hesab olunur.
Onun milli təhlükəsizlik və casusluq fəaliyyəti təhlükəsi səbəbindən tamamilə bloklanması istiqamətində rəsmi hüquqi prosedurların başladıldığı vurğulanıb.
Xuraman Etibarlı
İnterpress.аz






