Məşhur alim Nikita Zezinin döyülərək öldürülməsi işi üzrə ilk şübhəli şəxs həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiya Elmlər Akademiyasının alimi Nikita Zezinin vəhşicəsinə döyülməsi və sonradan xəstəxanada vəfat etməsi işi üzrə ilk şübhəli şəxs məhkəmə qərarı ilə həbs edilib. Saxlanılan 38 yaşlı Aleksandr Reveruk Yekaterinburq Dövlət Yol Polisinin keçmiş müfəttişidir. O, sentyabrın 26-dək bir qrup şəxs tərəfindən xuliqanlıq törətmə maddəsi ilə rəsmi həbs olunub.
Müttəhim məhkəmədə öz günahını boynuna almayıb və 67 yaşlı alimin ölümündə əli olmadığını iddia edib: “Həmin şəxs təbii səbəblərdən dünyasını dəyişib. Mənim buna heç bir aidiyyatım yoxdur. O, xəstə idi və infarkt keçirdi”. Lakin qanlı hadisədən əvvəl alim təcrübə tarlalarında kvadrosikllə gəzərək əkinləri məhv edən yeniyetmələrə haqlı irad bildirdiyi üçün uşaqların valideynlərindən ibarət aqressiv qrup instituta gələrək təqaüdçü alimə kütləvi şəkildə hücum çəkmişdi.
Məlumata görə, Reveruk 2011-ci ildə xidmət zamanı təsadüfən həmkarını yaraladığı üçün polis orqanlarından qovulub və sonradan bizneslə məşğul olub. Qətlə yetirilən professor Nikita Zezin isə həyatının 40 ildən çoxunu elmə həsr edib, 260-dan çox mühüm elmi iş, monoqrafiya və elmi məqalənin müəllifi olub.

Xuraman Etibarlı
İnterpress.аz






