Moskvada təqaüdçü qadın 52 kvadratmetrlik mənzildə timsah, piton, tülkü və onlarla heyvan saxlayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskvada yaşayan təqaüdçü qadının öz 52 kvadratmetrlik kiçik mənzilində əsl “zoopark” yaratdığı aşkarlanıb.
Ahıl qadının mənzildə bir timsah, bir piton ilanı, bir tülkü, həmçinin 10 it və 13 fərqli quş saxladığı məlum olub.
Evdən gələn kəskin üfunət qoxusu və sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulması səbəbindən qonşular mütəmadi olaraq aidiyyəti qurumlara şikayətlər ediblər.
Sakinlərin çoxsaylı şikayətlərindən sonra yerli bələdiyyə mənzil-kommunal idarəsi məhkəməyə müraciət edərək mənzilin heyvanlardan rəsmən təmizlənməsini tələb edib.
Məhkəmə təqdim olunan iddianı tam təmin edib. Çıxarılan yekun qərara əsasən, ev sahibinə mənzildə yalnız iki it saxlamağa icazə verilib, digər bütün heyvanlar isə ərazidən çıxarılıb.
Həmçinin məhkəmə təqaüdçü qadının üzərinə mənzili təcili olaraq təmizləmək, dezinfeksiya etmək və qaydaya salmaq öhdəliyi qoyub.
Xuraman Etibarlı
İnterpress.аz






