
Bu günə gələn yol bizim gözlərimizin önündə keçib. O illərin ağrılarını, meydanlarda yüksələn azadlıq səslərini, xalqımızın müstəqillik uğrunda göstərdiyi fədakarlığı unutmamışıq. Milli azadlıq hərəkatının önündə gedən ziyalılarımızdan biri, Sabir Rüstəmxanlı və onun kimi mübarizəyə ömrünü həsr etmiş insanların xidmətləri tariximizin unudulmaz səhifələridir.
Bu gün bir tarixi həqiqəti də xüsusi vurğulamaq istəyirəm: Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olmuşdur. 1991-ci il noyabrın 9-da verilən bu qərar yalnız diplomatik addım deyil, əsrlərdən gələn qardaşlığımızın, ortaq tariximizin və mənəvi birliyimizin təsdiqi idi.
Türkiyə bizim üçün sadəcə strateji müttəfiq deyil. Türkiyə bizim tariximiz, dilimiz, qan yaddaşımız, ortaq şəhidliyimiz, sevincimiz və kədərimizdir. 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakının azad edilməsində göstərdiyi fədakarlıqdan Qarabağ Zəfərinə qədər bu qardaşlıq tarixin ən ağır sınaqlarından keçib.
Türkiyə bizim nə böyük, nə də kiçik qardaşımızdır. Türkiyə bizim özümüzdür, canımızdır, qardaşımızdır!
Ömrümün böyük bir hissəsini Azərbaycan–Türkiyə münasibətlərinin inkişafına həsr etmiş, bu münasibətlərin ən kövrək dövrlərindən bu günə qədər keçdiyi yolun canlı şahidlərindən biri kimi son zamanlar iki qardaş xalqın arasına nifaq salmaq cəhdlərini böyük ürək ağrısı ilə izləyirəm.
Azərbaycan müstəqil, suveren, dünyəvi və unitar dövlətdir. Heç bir xarici qüvvənin, dini və ya siyasi qrupun ölkəmizin daxili işlərinə müdaxilə etməyə, konstitusion quruluşunu təzyiq altında dəyişdirməyə haqqı yoxdur. Dini etiqad azadlığına hörmətlə yanaşmaqla bərabər, dinin siyasi təxribat və dövlətlərarası qarşıdurma vasitəsinə çevrilməsinə də imkan verilməməlidir. Dövlətimizin müstəqilliyi və qanunlarının aliliyi bizim üçün toxunulmazdır.
Lakin ayrı-ayrı şəxslərin və qrupların mövqeyini bütöv bir xalqın mövqeyi kimi təqdim etmək də yolverilməzdir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Qarabağ Zəfərinin memarı İlham Əliyevə qarşı səsləndirilən təhqirləri böyük təəssüf və ürək ağrısı ilə qarşılayıram. Eyni şəkildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz münasibət də Azərbaycan xalqının qəbul edəcəyi bir davranış deyil. Dövlət başçılarımıza qarşılıqlı hörmət iki qardaş dövlətin münasibətlərində əsas prinsiplərdən biri olmalıdır.
Mən belə hadisələri ilk dəfə görmürəm. 2009-cu ildə Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsi və Bursa bayraq hadisələri zamanı da münasibətlərimiz ciddi sınaq qarşısında qalmışdı. O zaman Azərbaycandan bir qrup insan Türkiyəyə gedərək ziyalılarla, ictimai təşkilatlarla görüşdük, qardaşlığımızın qorunması üçün fəaliyyət göstərdik. Bu gün də Türkiyədə 35 ilə yaxındır tanıdığım ziyalılarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə əlaqədəyəm. Hamımızı birləşdirən əsas məqsəd bu tarixi qardaşlığın qorunmasıdır.
Lakin bu gün məsələ yalnız Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən ibarət deyil.
Azərbaycan–Türkiyə birliyi Türk Dövlətləri Təşkilatının təməl daşı, Türk dünyasının birləşməsinin və güclənməsinin başlıca dayağıdır. Türkiyəsiz və Azərbaycansız güclü, vahid məqsədlər ətrafında birləşmiş Türk dünyasını təsəvvür etmək mümkün deyil.
Məhz buna görə iki qardaş dövlətin arasına fitnə-fəsad salmaq cəhdlərinin arxasında daha böyük strateji məqsədin dayandığını düşünürəm: Türk dünyasının birliyinə mane olmaq, Türk Dövlətləri Təşkilatının güclənməsinin qarşısını almaq və onun beynəlxalq siyasətdə mühüm güc mərkəzinə çevrilməsinə imkan verməmək.
Bu birliyin zəifləməsində maraqlı olan qüvvələr anlamalıdırlar ki, Azərbaycanla Türkiyənin qardaşlığı keçici siyasi maraqlara deyil, ortaq tarixə, milli yaddaşa, dilə, mədəniyyətə və şəhidlərimizin qanı ilə möhkəmlənmiş mənəvi bağlara söykənir.
Azərbaycan–Türkiyə qardaşlığı sarsılarsa, bundan bütövlükdə Türk dünyası zərər görər. Bu qardaşlıq möhkəmlənərsə, Türk dünyasının gücü və beynəlxalq nüfuzu da artar.
Qarabağ Zəfəri və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu birliyin gücünü və strateji əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi.
İnanıram ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, dövlətçilik təcrübəsi və qarşılıqlı etimadı bu qardaşlığa kölgə salmaq istəyən cəhdlərin qarşısını almağa qadirdir. Hər iki ölkənin ziyalıları, ictimai təşkilatları və fikir adamları da bu tarixi məsuliyyəti dərk etməlidirlər.
Bu gün – müstəqilliyimizin bərpasının 35-ci ildönümündə azadlığımız uğrunda mübarizə aparmış bütün insanları minnətdarlıqla xatırlayır, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyirəm.
Müstəqillik bizə asan başa gəlməyib. Onun hansı ağır bədəllərlə qazanıldığını görmüş bir nəsil olaraq bu tarixi əmanəti qorumağa borcluyuq.
Azərbaycan–Türkiyə qardaşlığı siyasi konyunkturanın deyil, tarixin hökmüdür! Bu qardaşlığı dövlətlər qurmayıb ki, hansısa siyasi qüvvələr dağıda bilsin. Bu qardaşlığı tarix yaradıb, şəhid qanı möhürləyib, xalqlarımızın iradəsi yaşadıb!
Müstəqilliyin mübarək olsun, Azərbaycan!
Əbədi yaşa, müstəqil Azərbaycan dövləti!
Var olsun Azərbaycan–Türkiyə qardaşlığı! Var olsun Türk dünyasının birliyi!
Bir millət, iki dövlət – sarsılmaz qardaşlıq, əbədi müstəqillik!






