Lidiya Fedoseyeva-Şukşina dərman komasındadır, süni tənəffüs aparatına qoşulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın xalq artisti, 88 yaşlı aktrisa Lidiya Fedoseyeva-Şukşinanın vəziyyəti ağır olaraq qalır.
Nəşrin məlumatına görə, səhhətindəki pisləşmə səbəbindən aktrisa dərman komasına salınıb və süni tənəffüs aparatına qoşulub.
Məlumata əsasən, onun ürəyi qeyri-müntəzəm döyünür, ağciyərləri ilə bağlı problemlər yaranıb. Döş qəfəsində toplanan hava drenaj vasitəsilə xaric edilib.
Həkimlər pnevmoniya yaranması riskindən də narahatdırlar.
Fedoseyeva-Şukşina artıq 10 gündür reanimasiyadadır. Xəstəxanaya yerləşdirilməzdən əvvəl bir həftə ərzində onda təngnəfəslik və şişkinlik artıb, lakin aktrisa həkimə müraciət etməyib.
Təcili yardım onun nəfəs almaqda çətinlik çəkməsindən və müstəqil yeriyə bilməməsindən sonra çağırılıb.
Aktrisanın kino karyerası ərzində 90-dan çox rolu olub. Ona geniş şöhrət qazandıran filmlər arasında həyat yoldaşı, rejissor və yazıçı Vasili Şukşinlə birlikdə çəkildiyi “Qırmızı giləmeyvə” və “Peçki-lavoçki” filmləri də var.
Xuraman Etibarlı
İnterpress.az






