Alman polisi 53 il əvvəl yarmarkada itkin düşən 13 yaşlı qızın taleyini araşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində 1973-cü il mayın 20-də yarmarkaya gedərək itkin düşən 13 yaşlı İzolda Bekkerin işi yenidən araşdırılır.
Bonn polisi qızın başına nə gəldiyini müəyyənləşdirmək üçün 53 il əvvəl keçirilən tədbirin ziyarətçilərini axtarır.
2026-cı ilin martında ictimaiyyətə müraciətdən sonra istintaqçılar bir neçə yeni şahid müəyyənləşdirərək dindirə biliblər. Onların arasında həmin vaxt yarmarkada avtomobil attraksionunun sahibi də olub.
Dəqiqləşdirilmiş məlumata görə, İzolda vaxtının böyük hissəsini məhz bu attraksionun yaxınlığında keçirib.
Qızın ailəsi onun evə qayıtmadığını ertəsi gün polisə bildirib. İstintaqçılar İzoldanın artıq həyatda olmadığını ehtimal edir və onun zorakılıq cinayətinin qurbanı ola biləcəyini istisna etmirlər.
Lakin yeni ifadələrə baxmayaraq, hadisənin təfərrüatlarını hələ də müəyyənləşdirmək mümkün olmayıb.
Bonn polisi 1973-cü il mayın 19-dan 21-dək Dattenfeld qəsəbəsindəki yarmarkada olan şəxsləri istintaqa kömək etməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






