“Vurğun Əyyub müsavatçıları itaətsizliyə sürükləyir”backend

“Vurğun Əyyub müsavatçıları itaətsizliyə sürükləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan Müsavat üzvlərinin fəaliyyətini şərh edərkən deyib. O bildirib ki, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlının ADR-dəki müsavatçılara müraciətini dəstəkləyir və Müsavat üzvlərinin iki yerdə təmsil olunması uzun müddət davam edə bilməz: “Ümid edirəm ki, o adamlar özlərinə hörmət qoyacaqlar. Müsavatçıların əksəriyyətinin mövqeyi Nüşabə Sadıqlının mövqeyi ilə tam üst-üstə düşür. Yəni onlar seçim etməlidirlər, ya ADR-də, ya da Müsavatda təmsil olunmalıdırlar. Bütün hallarda bu vəziyyət uzun müddət davam edə bilməz”.

M. Hacıbəyli Müsavat rəhbərliyinin ADR-də olan partiya üzvlərinin parlament seçkilərində iştirakına əngəl yaratdığı barədə fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, Müsavat Partiyasının Nizamnaməsində göstərilib ki, partiyanın parlament seçkilərindəki namizədlərinin siyahısını Məclis müəyyənləşdirir: “Məclisi tanımayan, Məclisə qatılmayan insanların həmin səsvermədə səs yığacaqları gözlənilmir. Digər tərəfdən, burada Müsavat əleyhinə fəaliyyət göz qabağındadır. Uzun müddətdir ki, Vurğun Əyyub da başda olmaqla, bir neçə nəfər müsavatçıları itaətsizliyə sürükləyir və Müsavatın daxilində alternativ strukturlar yaratmağa çalışırlar. Düşünürəm ki, onların bu fəaliyyətlərinə görə müvafiq tədbirlər görülməlidir”.

M. Hacıbəyli partiyanın Suraxanı rayon təşkilatının rəhbərliyini sabotaj yaratmaqda ittiham edib: “Müsavatın Suraxanı rayon təşkilatının rəhbərliyi artıq 6 aydır ki, sabotajla məşğuldur, partiyanın qərarlarını icra etmir, üzvlük haqqını ödəmir. Nümayişkaranə şəkildə Sədrlər Şurasına, Məclisə qatılmırlar, partiya ilə əlaqəni tamamilə kəsiblər. Bütün bunlar partiyanın Nizamnaməsinə tamamilə ziddir. Müsavatın qərarlarını icra etməyən və Nizamnamə tələblərini yerinə yetirməyən təşkilatlar haqqında tədbirlər görülür və yəqin ki, bu məsələyə də baxılacaq. Onu da bildirmək istəyirəm ki, Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin səlahiyyət müddəti artıq keçən il başa çatıb və onlar mütləq konfrans keçirərək Nizamnamə tələbinə uyğun olaraq yeni sədr seçməlidirlər”.

İnterpress.az