Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müəllimlər mart ayının maaşını artımla birlikdə alacaqlar. Müəllimlər eyni zamanda yanvar və fevral ayları üçün artımla əlaqədar yaranan fərqi də mart ayının maaşı ilə birlikdə alacaqlar.
Qeyd olunub ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib.
Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb. Sənədlər paketi Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Artıq həmin sənədlər Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
İnterpress.az