Könül Süleymanlı bildirib ki, Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Leonid Slutskinin Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyində keçirdiyi mətbuat konfransındakı çıxışı ilə maraqla tanış olduq.
XİN-nin Mətbuat xidmətinin II katibi, Slutskin Ermənistanda olduğu zaman səsləndirdiyi fikirlərinin Ermənistan kütləvi informasiya vasitələri tərəfindən təhrif edildiyini və ona aid olmayan ifadələrin yazıldığını qeyd edib:
\”Ermənistan KİV-nin bu kimi fəaliyyəti barəsində L.Slutski tərəfindən edilmiş etirafı məmnuniyyətlə qeyd edirik.
Bu bir daha onu göstərir ki, Ermənistan KİV-i özünün təbliğat fəaliyyətində hər bir fürsətdə ən çirkin vasitələrdən belə çəkinməyərək, şəxs tərəfindən deyilməyən sözləri onun fikirləri kimi qələmə verir.
Ermənistan dövlətinin tam nəzarətində olan Ermənistan KİV-i, o cümlədən Rusiya nümayəndələrinə münasibətdə bu cür fəaliyyəti Azərbaycan və Rusiya arasında siyasi münasibətlərə xələl gətirmək məqsədi güdür. Bu çirkin təbliğat eləcə də Azərbaycana qarşı qarayaxma məqsədi daşıyır.
L.Slutski ətrafında cərəyan edən hadisələr bir daha ona dəlalət edir ki, xüsusilə, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası əsasən Ermənistan və onun havadarlarından qaynaqlanır\”.
K.Süleymanlı bildirib ki, beynəlxalq hüquqa zidd destruktiv siyasəti və bu qəbildən olan neqativ fəaliyyəti ilə münaqişənin həllinə mane olmaq əvəzinə, Ermənistanın beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əməl edərək, öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verərdi.
İnterpress.az