“Bu gün diqqət qəzanın nəticələrinin aradan qaldırılmasına yönəlib, kiminsə həbs olunmasına deyil. Hazırda Dövlət Komissiyası məsələ ilə bağlı araşdırma aparır. Komissiyanın nəticələrinə uyğun olaraq da, qərarlar veriləcək. Yekun səbəbləri Dövlət Komissiyası sonda bildirəcək. Azərbaycanda dövlət intizamı çox yüksək səviyyədədir. Günahkarlar varsa, cəzasını alacaqdır”.
Bunu İnetrpress.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirdə baş verən qəzaya münasibət bildirərəkən deyib.
Millət vəkili qeyd edib ki, özü Mingəçevirə getməsə də, telefonla əlaqə saxlayaraq məsələ ilə bağlı məlumatları öyrənir:“Mən gün ərzində dəfələrlə rayonla əlaqə saxlamışam. İşlər qaydasında gedir. Bütün işlər artıq demək olar ki, yekunlaşmaq üzrədir. Amma Mingəçevirə getməyim üçün ehtiyac görmədim. Orada sadəcə olaraq, mütəxəssislər işləməlidir. Bərpa briqadaları gecədən fəaliyyətə başlayıb. Bir hissəsi artıq bərpa olunub. Altı blokdan ikisi yaxın saatlarda işə salınacaq. Digər bloklar da yaxın zamanda tədricən öz fəaliyyətlərini bərpa edəcəklər”.
A.Mirzəzadə qeyd edib ki, vaxti ilə Mingəçevirdə yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də uzun müddət işləyib: “Mən özüm 10 il o müəssisədə işləmişəm. Mən o müəssisəni və kollektivi yaxından tanıyıram. Texniki imkanlarına da bələdəm”.
Deputat qeyd edib ki, baş vermiş qəzaya rəsmi məlumatlarda da deyildiyi kimi, havaların isti keçməsi səbəb olub. Onun sözlərinə görə, texniki müəssisələr yerləşdiyi ərazinin iqliminə görə müəyyənləşdirilir: “Ölkə ərazisində müşahidə olunan isti hava şəraiti belə bir qəzanın baş verməsinə səbəb oldu. Ərəb ölkələrində 40 dərəcədən yuxarı isti hava şəraiti il ərzində müşahidə olunur. Ona görə də, ərəb ölkələrində İstilik Elektrik Stansiyalarındakı qurğular həmin ölkələrin isti hava şəraitinə uyğun olaraq tənzimlənir. İstənilən halda, texniki müəssisə yerləşdiyi ərazinin iqliminə görə müəyyənləşdirilir. Azərbaycan da bir qayda olaraq, maximum hava şəraiti 40 dərəcə isti ilə müşahidə olunan ölkədir. Uzun müddətdir ki, ölkə ərazisində temperaturun 40 dərəcədən yuxarı olması, əlbəttə ki, ona hesablanmamış müəssisədə müəyyən problemlərin yaranmasını mümkün edir”.
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyasında qəza baş verib. Qəza nəticəsində Respublika ərazisində elektrin enerjisinin verilişi dayandırılıb. Sonradan gün ərzində elektrik enerjisi tədricən bərpa olunub.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb.
Səid Qərib
İnterpress.az