İnterpress.az xəbər verir ki, İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Türkiyənin Suriyada tampon bölgə yaratmaq istəyinə qarşı çıxıb.
İran Məclisinin xəbər agentliyi olan ICANA-ya açıqlama verən Həqiqətpur “Türk ordusunun birbaşa Suriya döyüşünə girməsi və burada yaradılacaq tampon bölgə Türkiyədəki yeni Osmanlı nəzəriyyəçilərinin edəcəyi böyük bir səhv olar” deyə bildirib.
Ankaranın Suriyaya birbaşa hərbi müdaxilə fikrini “dəli qərar” adlandıran Həqiqətpur türk əsgərlərinin də buna qarşı çıxacağını iddia edib.
İŞİD-in öz xəritələrində Türkiyəni xəyali xilafətin bir hissəsi olaraq gördüyünü irəli sürən Həqiqətpur “Ankara İŞİD-in Türkiyə ilə savaşmayacağını zənn edirsə yanılır. İŞİD-in Türkiyə içində edə biləcəyi intihar aksiyaları narahatcılıq yaratmalıdır. Türkiyə sərhədləri arxasında yandırılacaq atəş Türkiyəni də yandırar” deyə bildirib.
Xatırladaq ki, Mənsur Həqiqətpur Azərbaycan ictimaiyyətinə deputat Siyavuş Novruzovla uzun müddət davam edən mübahisələrindən tanışdır. Mənsur Həqiqətpur Siyavuş Novruzova dəfələrlə açıq məktub yazaraq onu xüsusilə islam dini ilə bağlı müzakirəyə çağırıb.
İnterpress.az