Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə öncə hakimlər Leyla və Arif Yunusdan məhkəmə tərkibinə etirazlarının olub-olmadığını soruşublar. Onlar isə sualı cavablandırmayıblar.
Daha sonra Arif Yunusun vəkili Əfqan Məmmədov müdafiə etdiyi şəxsin onun yanında oturması, cinayət işinə isə xitam verilməsi barədə vəsatətlər verib.
Leyla Yunusun vəkili Ramiz Məmmədov da müdafiə etdiyi şəxsin vəkillərinin yanında əyləşməsi, prosesdə audio və video çəkilişlərin aparılmasına şərait yaradılması barədə vəsatətlər qaldırıb. Vəkil bildirib ki, Leyla Yunusla bağlı xaricdən 5 dəfə həkim heyəti gəlib. Onun səhhətində problemlər var.
Vəkil məhkəmədən L. Yunusun barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Dövlət ittihamçısı Fərid Nağıyev isə məhkəmədən vəsatətlərin təmin olunmamasını xahiş edib.
Bundan sonra hakimlər müşavirəyə gediblər.
Fasilə zamanı Leyla Yunus ittihamlarla razılaşmadıqlarını deyib.
Hakimlər müşavirədən qayıdandan sonra vəsatətlərin təmin olunmadığı elan olunub.
Bu zaman Leyla Yunus məhkəmədən söz istəyib. Hakim isə onu prosesi pozmamağa dəvət edib.
Məhkəmə baxışı iyulun 27-nə təyin edilib.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
İnterpress.az