Layihə insan alverinin bütün formalarına qarşı mübarizəni özündə ehtiva edir. İcra dövründə problemə daha çox insan alveri ilə bağlı cinayət əməllərinin Azərbaycan xalqının milli mənəviyyatına, əxlaqına yad olduğu göstəriləcək.
Layihə çərçivəsində “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi tərəfindən hazırlanan videorolikin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi sədri Ramil Hüseynov açaraq layihənin məqsədindn danışdı: \”Layihənin məqsədi insan alveri ilə mübarizə sahəsində dövlətin gördüyü işləri ictimailəşdirməkdən ibarətdir. Həmçinin layihə maarifləndirici xarakter daşıyır. Biz bu yolla həm mediada, həm də sosial şəbəkələrdə bəzi yanlış informasiyaların qarşısı almağı hədəfləyir. Müasir köləliyin adı insan alveridir. Cinsi istismar, orqanların transplantasiyası və əməyin istismarı insan alverinin əsas növləridir. Dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri kimi qalmaqdadır. Beynəlxalq ekspertlərin hesablamalarına görə hər il 27 milyonadək şəxs cinsi istismara və məcburi əməyə məruz qaldığı halda, hüquq mühafizə və təhlükəsizlik strukturları tərəfindən cəmi 46 min qurban müəyyən edilir. Bu baxımdan, əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formaları ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi, qurbanlara hərtərəfli köməkliyin göstərilməsi istiqamətində zəruri addımlar atırlar.\”
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasnın sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək sözügedən layihənin davamlı olmasının vacibliyindən danışdı: \”Faktlar da göstərir ki, bu çirkin biznes qlobal böhranın təsir göstərmədiyi yeganə sahədir. Bütün dünyada qanunsuz narkotik və silah dövriyyəsindən sonra insan alveri cinayətləri gəlirlərinə görə üçüncü yerdə durur. Çox zaman həmin cinayətin törədilməsində iştirakçı olan, yaxud həmin cinayətin törədilməsinə kömək göstərən, təşkilatçılıq edən bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkün olmur. Onları tanımaq o qədər də asan deyil. Bu insanlar əsl xasiyyətini gizlətmək üçün bütün məharətini işə salırlar. Araşdırmalara görə, insan alverinin qurbanı olan qadınların 76 faizi yaxın tanışları tərəfindən bu işə məcbur edilib. Digər qisim isə insan alverçisi ilə iş yerində, toy və ya yas məclislərində, hətta küçədə, nəqliyyatda, parkda rastlaşır.\”
Ölkə.az saytın baş direktoru Məmməd Gülməmmədov isə çıxışında bu istiqamətdə medianın səmərəli fəaliyyətinin vacibliyindən danışdı: \”İnsan alveri qurbanları arasında yaxın adamları tərəfindən aldadılaraq xaricə aparılanlar, ailə qurmaq məqsədilə xarici ölkələrə aparılaraq satılanlar üstünlük təşkil edir. Belələri üçün xaricdə imkanlı ər, yaxşı həyat vəd edilir, bəzən gələcək \”bəyin\” fotoşəklindən də istifadə olunur. Bu mənada mediada ciddi şəkildə təbliğat işləri getməlidir\”
Yenicag.az saytının rəhbəri Aqil Ələsgər isə çıxışında mənşəyi bəlli olmayan müxtəlif dini cərəyanların da insan alveri sahəsində əsas alət kimi istifadə olunduğunu dedi: \”Azərbaycanda da insan alveri zamanı daha çox qadınlar zorakılığa məruz qalır. Eyni zamanda qadınlar fahişəliyə məcbur edilir və bu zaman bəzi şəxslər gəlir əldə edirlər. Bu qətiyyən yolverilməzdi.\”
Sonra TURSAM-ın rəhbəri Atatürk Kamallı çıxış edərək bu istiqamətdə maarifləndirici işlərin həyata keçirilməsinin vacibliyindən danışdı: \”Bəzən müxtəlif təhsil proqramları adı altında gəncləri xaricə aparırlar. Hesab edirəm ki, bu sahədə ciddi yoxlamalar aparılmalıdır. Mənbəyi bəlli olmayan xarici təhsil proqramları insan alverinin potensial alətidir\”
Tədbirdə, eyni zamanda, layihə çərçivəsindı hazırlanan \”CAN ALVERİ\”- 30 dəqiqəlik videorolikin təqdimatı keçirilib.
Məlumat üçün qeyd edək ki, \”Azərbaycan Milli İnkişaf Layihəsi\” ictimai birliyi layihə çərçivəsində icraçı QHT olaraq insan alverinə qarşı mübarizədə müxtəlif vasitələrlə dövlətin işinə yardım göstərməyi də hədəf alır. Layihənin məqsədi insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində tədbirlərin təşkili, o cümlədən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrasının öyrənilməsi və müxtəlif video-roliklər vasitəsi ilə cəmiyyətə çatdırılmasıdır.
\”Azərbaycan Milli İnkişaf Layihəsi\” ictimai birliyinin (AMİL) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirtdiyi “İnsan alveri ilə mübarizə təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırladığı \”Can alveri\” adlı sənədli-maarifləndirici filminin əsas məqsədi bu problemdən əziyyət çəkən insanları maarifləndirmək, QHT olaraq müvafiq icra hakimiyyəti orqanlarının təşəbbüslərini dəstəkləməkdir. ( 7News.az )
İnterpress.az