Yanan binadakı təmirlə bağlı sensasion faktlarbackend

Yanan binadakı təmirlə bağlı sensasion faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maaşları kəsilən işçilərin əsas narazılıq etdikləri şəxs Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Buna səbəb də, təmir-bərpa işlərinin həvalə olunduğu “Azəraqrartikinti” ASC-nin deputata məxsus olmasıdır. İşlərə nəzarəti A.Vəliyevin yaxın adamı Emil Hacıyev həyata keçirir. Mətbuatda zaman-zaman tikinti ilə əlaqədar yayılan məlumatlarda bu şəxs barəsində heç də xoşagələn xəbərlər getməyib.

Qəzetin 15 iyul sayında yanan binada gördükləri işlərinin müqabilində verilməli olan pullarının bir hissəsini ala bilməyən iş icraçısı Cəfər Şərbətov və Yaşar Hüseynovun şikayətləri dərc olunmuşdu. Şikayətçilər Emil Hacıyevin ünvanına ağır ittihamlar səsləndirmişdilər.

E.Hacıyev isə öz növbəsində qəzetimiz vasitəsilə həmin şəxsləri onu şantaj etməkdə, bu yolla ondan pul almağa çalışmaqda günahlandırmışdı. Hətta onları “kişi kimi çörəkpulu qazanmağa” çağırmışdı.

E.Hacıyevin bu fikirləri yaranan narazılığın üzərinə sanki benzin töküb. Qəzetimizə yenidən müraciət edən şikayətçilər onun yalan danışdığını bildirdilər.

Cəfər Şərbətov deyir ki, E.Hacıyevin kişilik söhbəti etməsi münasibətləri şəxsi müstəviyə çəkir:

“27 iyunda bizə verdikləri kağızı dana bilməzlər. Orada hansı məbləğə iş gördürüblərsə, yazılıb. Emil deyir ki, guya biz yalan danışırıq, bizə artıq pul verilib. Hətta kişilik söhbəti edir. O, tamamilə yalan danışır. Burada hər bir halda başqa söhbətlər ortaya çıxır. O deyir ki, mən küçə uşağı deyiləm. Amma yanımda Yaşara dedi ki, “səni torbada oğurladaram”.

Dediyi sözləri indi danır. Bəs bu, kişilikdir, Emil? Biz sadəcə haqqımızı tələb edirik. Deyirik ki, işlədiyimizin pulunu verin. Özünün iştirakı ilə razılaşma olub. Deyib ki, 50 qəpiyi nəzərə alarıq, darıxmayın. Hətta dedi ki, sizin işdə 50 qəpik nəzərə alınmasa, ərizə yazıb işdən çıxacam. Biz də ona inanıb işləyirdik.

Elə zənn edirdik ki, bizə ürəyi yanır. Normal insan bilirdik. Mənə problemi bağlamaq üçün 200 manat pul təklif etdi. Dedim ki, pulu qoy cibinə… Dindar adamam, mənə o pul lazım deyil. Sən kimsən ki, mənə minnət qoyub, pul verirsən. Dindar adamam, haqqı nahaqqa vermərəm. Heç vaxt haram pul yemərəm. Haram yeyən olsaydım, Emil kimi yuxarıda oturardım. 1 manat 20 qəpiyə malyar işi gördürərlər? Özü də prezidentin nəzarəti altında olan binadır. Öz evinə o qiymətə malyar vurdurarlar? Əgər camaat bilsə, aləm bir-birinə dəyəcək.

Emil deyir ki, guya bizim gördüyümüz iş bərbad halda olub. Əgər belədirsə, onda ustalarımı niyə işdə saxlayıb? Hazırda orada işləyirlər. O ustaların telefon nömrələri də məndədir. Hamısını işə mən qəbul etmişəm. Əgər bərbad iş görürdüksə, onda Emil telekanalları aldadır? Bütün çəkilişlər işlədiyimiz otaqlarda aparılırdı. Emil müsahibə verirdi ki, işlər yüksək səviyyədə gedir. Belə çıxır ki, o, bütün respublikanı aldadır.

3-4 otaqda gedən işləri bütün binaya aid edirdilər. Halbuki başqa yerlərdə işlər getmir. Kişilikdən söhbət gedirsə, kişilik budur. Təmiz danışmaq lazımdır. Biz şantaj yolu ilə niyə pul tələb etməliyik? Lazım gələrsə, alacağımız 3 min manatı yetimlər evinə, Müdafiə Fonduna köçürərəm. O pul alınmalıdır. Emil özünü küçə uşağı hesab edib bu cür sözlər danışır. İşçiləri qorxutmaq üçün bütün yollara əl atır. Əgər bərbad iş görmüşüksə, çağırıb sübut eləsin. Bərbad iş görmüşüksə, bizi bir ay orada necə saxlayıb? Sanki bizi işə tələsdirən, çəkiliş gələndə göstərmək üçün çalışan insan bu deyildi?

İnsan danışanda Allahının olduğunu unutmamalıdır. Prezidentin tapşırıq verdiyi binada belə hərəkət edirlərsə, görün digərlərində vəziyyət necədir. Gördürdükləri işin qiymətini kim görsə, dəhşətə gələr. 5 milyon manat ayrılan binadır. Nə yeyinti edirlərsə, özləri bilər. Pullarımızı versinlər. Fəhlə işlətmişik, pullarını versinlər. Cibimizdən pul verməyə imkanımız olsa, verərik. Azərbaycanda çinliləri də bu qiymətə işlətmirlər. Onlar 2 manata işləyirlər. Amma bunlar millətimizi 1 manata işlədəcək səviyyədə olan insanlardır. Deyirlər ki, işsizlikdir. Yalandır, hər yerdə iş var”.

Şikayətçi lazım gələndə yanan binada gedən işlərlə bağlı şok faktlar açıqlayacağını bildirib:

“Orada keyfiyyətli iş alınmayacaq. Hətta ev sahiblərinin özləri də narazılıq edəcəklər. Onu indidən görürəm. Orada elə şeylər baş verir ki, indi demək istəmirəm. Lazım gələndə açıqlayacam. Bunları desəm, bütün sakinlər ayağa qalxacaq.

Bunu Emil müəllim də çox gözəl bilir. Onun deməyi ilə biz naziri də aldatmalı idik. Deyirdi ki, nazir gələndə nə desəm, onu edərsiniz. Açılası çox şeylər var. Söhbət kişilər arasında qalmalıdır. Ona görə də susuram. Balaca bir məmur at oynadırsa, görün, ölkə nə gündədir. Bütün bunlarla bağlı prezidentə müraciət edirəm. Araşdırma aparılsın. Onda hər şey üzə çıxacaq”. ( musavat.com )

İnterpress.az