İnterpress.az xəbər verir ki, müraciətdə AZAL-la bağlı araşdırma aparılmasının vacibliyi vurğulanır:
Təxminən bir aya yaxındır ki, KİV-lər və sosial şəbəkələr “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki (AZAL) qiymət bahalığından və korrupsiya faktlarından yazırlar. Məhz bunun nəticəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında AZAL-da əsassız qiymət bahalığını və qanun pozuntusunu xüsusi vurğuladı. Məsələnin aktuallığına əmin olan Prezident İlham Əliyev Mətbuat günü ilə bağlı çıxışında yenidən hamıya müraciət edərək korrupsiya faktlarından yazmağı xahiş etdi. Zənn edirdim ki, 100-200 manat rüşvətə görə müəllimləri, həkimləri, 10-50 min manat mənimsəməyə görə sadə iş adamlarına qarşı cinayət işi açıb onları həbs edən prokurorluq orqanları milyonlar mənimsənilən, vətəndaşlarına haqsızlıq edən AZAL rəhbərliyinə qarşı da heç olmasa araşdırma başlayar. Bu gün isə Sizin müavininiz, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, əgər rəsmi müraciət olarsa onlar AZAL-dakı korrupsiya faktlarını araşdıra bilərlər.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
Həmin Məcəllənin 207.1-ci maddəsində qeyd olunduğu kimi,
Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;
207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;
207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.
Maddənin tələbindən də göründüyü kimi, hazırki ərizəmə prosessual hüquq normalarına uyğun şəkildə baxılmalı və iki qərardan biri qəbul edilməlidir.
Yuxarıda qeyd olunanlara əsasən Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi rəsmi müraciət kimi qəbul edib “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki (AZAL) korrupsiya faktlarının araşdırılmasına dair göstəriş verəsiniz”.
İnterpress.az