ABŞ ordusunda dini islahat aparılır – druidlər və şamanlar ordudan ayrılmalıdır.
İnterpress.az xəbər verir ki, bu barədə “Military” portalı məlumat yayıb.
ABŞ-nin müdafiə naziri Pit Heqset ölkənin silahlı qüvvələrində hərbçilərin dini ehtiyaclarının təmin olunması sahəsində yeni islahat həyata keçirib.
Qərara əsasən, orduya hərbi din xadimləri göndərmək səlahiyyətinə malik dini qrupların sayı əhəmiyyətli dərəcədə azaldılıb.
Məlumata görə, indiyədək bu hüquqa malik olan 200-dən çox dini təşkilatdan yalnız 31-i rəsmi siyahıda saxlanılacaq.
Yeni qaydalar çərçivəsində yəhudilər, müsəlmanlar, hindular, buddistlər, sikhlər, eləcə də katolik, lüteran və baptist kimi müxtəlif xristian məzhəblərinin nümayəndələri hərbi xidmət zamanı dini rəhbərlərlə birbaşa ünsiyyət imkanını qoruyacaqlar.
Pit Heqset bu addımı bir neçə ay əvvəl anons etmişdi. O, yüzlərlə dini icmanın ordu sistemində təmsil olunmasını qeyri-praktik və faydasız hesab etdiyini bildirmişdi.
Nazirin sözlərinə görə, ABŞ hərbçilərinin böyük əksəriyyəti cəmi altı əsas dini konfessiyaya mənsubdur. Bu səbəbdən mövcud siyahının həddindən artıq genişləndirildiyi qənaətinə gəlinib.
İslahatdan ən çox təsirlənənlər kiçik və qeyri-ənənəvi dini icmalar olacaq. Neo-bütpərəstlər, şamanizm və druidizm tərəfdarları, həmçinin “Yeni Era” adlandırılan dini cərəyanların nümayəndələri artıq öz din xadimlərini ABŞ ordusuna göndərə bilməyəcəklər.
Qərar ABŞ-də fəaliyyət göstərən Hərbi Dini Azadlıq Fondu tərəfindən kəskin tənqidlə qarşılanıb.
Təşkilatın təsisçisi Mayki Vaynşteyn hökumətin addımını “çirkli, iyrənc, konstitusiyaya zidd, qeyri-əxlaqi və etikadan uzaq” adlandırıb.
O, həmçinin islahatın əsas məqsədinin “xristian millətçiliyinin” təşviq edilməsi olduğunu iddia edib.
Əlavə olaraq qeyd olunur ki, ABŞ administrasiyasının bu qərarı ölkədə dini azadlıqların qorunması ilə bağlı yeni müzakirələrə səbəb olub və məsələ ictimaiyyət arasında ciddi fikir ayrılığı yaradıb.
Xuraman Etibarlı
İnterpress.az






