ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdən buraxılan kamikadze pilotsuz uçan aparatı Qırmızı dəniz üzərində vurduğunu açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, kamikadze pilotsuz uçan aparat bölgəyə hərbi texnika daşıyan iki hərbi gəmini müşayiət edən “USS Carney”ə yaxınlaşarkən vurulub və gəmiyə heç bir ziyan dəyməyib.
Texnikanın hara göndərildiyi açıqlanmasa da, İsrailin Qəzzaya başlatdığı hücumlarla birlikdə ABŞ-ın bu ölkəyə böyük miqdarda silah və hərbi texnika göndərdiyi məlumdur.
Yəməndəki husilər oktyabrın 31-dən bəri dəfələrlə raketlər və kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə İsrailə hücum etdiklərini açıqlamışdı.
Noyabrın 19-da husilər Qırmızı dənizdə İsrail gəmilərini hədəf alacaqları ilə hədələyib, daha sonra Qırmızı dənizdə İsrail şirkətinə məxsus ticarət gəmisini ələ keçirdiklərini açıqlayıblar.
CENTCOM, noyabrın 23-də husilərin nəzarəti altında olan bölgələrdən atıldığı təsbit edilən bir çox “birtərəfli hücum pilotsuz təyyarələrinin” ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Thomas Hudner” esminesi tərəfindən vurulduğunu bildirib.