Afaq Bəşirqızı: “Sanki insanlar acdır…“ – Videobackend

Afaq Bəşirqızı: “Sanki insanlar acdır…“ – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teatrların açılması ölkənin mədəni mühitində canlanmaya səbəb olub. Pandemiya səbəbindən iki il bağlı qalan teatrlar artıq bir müddətdir ki, yenidən qapılarını tamaşaçıların üzünə açıb. 

Bəs görəsən, teatrların repertuarında yenə də köhnə tamaşalara quruluş verilir, yoxsa hansısa yeniliklər var?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Dövlət Musiqili Teatrının aparıcı aktrisası, Xalq artisti Afaq Bəşirqızı yeni tamaşalar üzərində məşq etdiklərini bildirib:

“Başqa teatrların repertuarını müşahidə etmək bir qədər çətin məsələdir, lakin Musiqili Teatr öz repertuarında demək olar ki, köklü dəyişikliklər edib. Hal-hazırda müxtəlif rejissorların quruluşunda 6-7 tamaşa paralel hazırlanır. Bu müsbətə doğru addımdır. Yeni tamaşaların qoyulması rejissordan və teatrın bədii rəhbərindən asılıdır, bu mövzuda məsuliyyət onların boynuna düşür, çünki aktyor repertuar seçimi etmir, bunu rejissorlar edir. Rejissor da özünə uyğun əsərlər seçir, tamaşaya qoyulacaq əsər onun qəbul etdiyi pyes olmalıdır ki, o uğurlu tamaşa hazırlayıb öz sözünü deyə bilsin. Elə bir pyes yoxdursa, bu zaman rejissor çox çətinliyə düşür. Pandemiyada insanlar, eləcə də teatr aləmi xeyli stress keçirdi. Mənə elə gəlir ki, hər kəsə bir az vaxt vermək lazımdır. Bu tezliklə teatrların açılması və həmin dəqiqə gözəl tamaşaların hazırlanması qeyri-real görünür. Bir az vaxt vermək lazımdır”.

Xalq artisti iki illik fasiləyə baxmayaraq, bunun aktyorların səhnə performansına ciddi təsiri olmadığını qeyd edib:

“Bilirsiniz, istedad Allah vergisidir. Necə ki, gözləmədiyin yerdə, gözləmədiyin anda səhrada bir bulaq qaynayır, istedad da elədir. Sən onun qarşısını kəsə bilməzsən, ta ki, o bulaq özü kəsilənə qədər. Bulağın özünün kəsilməsi də onun məhvi deməkdir. Ona görə də hansısa bir, iki, üç illik fasilə aktyorun istedadını öldürə bilməz. Düzdür, bu fasilələr sənətçini tənbəlləşdirə, onu pessimizmə yuvarlaya bilər, amma istedadını öldürə bilməz. Elə aktyor var ki, ümumiyyətlə, səhnəsiz yaşaya bilmir, səhər tezdən gəlir, məşqə qədər – saat 11-ə kimi səhnədə var-gəl edir. Belə fanatlar var, amma istedadın qarşısını heç bir şey kəsə bilməz”.

Aktrisanın sözlərinə görə, pandemiyadan sonra insanlarda teatra maraq daha da artıb:

“Pandemiyadan sonra əksinə, izləyicilərdə teatra həvəs daha da artıb. Teatrda gurluq yaranıb, elə bil insanlar acdırlar, teatr acıdırlar. Sanki yaradıcılıq, gözəl tamaşalara acdırlar. Onlar sevdikləri aktyorları görməyə acdırlar. Məncə, pandemiyadan sonrakı dövrdə tmaşaçılar daha gurdurlar”.

Əsmətxanım