Ermənistanın Azərbaycan ərazisində basdırdığı minanın partlması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və dövlət məmuru Arif Əliyevin faciəvi şəkildə həyatını itirməsi Ermənistanın hələ də dinc sakinlərə və peşə borcunu yerirnə yetirən jurnalistləri hədəfə aldığını təsdiqləmiş oldu.
Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan soydaşlarımız baş verən faciəni dünya birliyinin diqqətinə çatdırmaq üçün fəal işlər gördü və bu istiqamətdə işlər davam edir.
Dövlət Komitəsi, diaspor jurnalistləri və ayrı-ayrı ölkələrdəki diaspor təşkilatları Kəlbəcərdəki faciənin dünya mediasında işıqlandırılmasına, həmin ölkələrin siyasi rəhbərliyinin və cəmiyyətinin baş verən hadisədən daha dolğun məlumatlardırılmasında ciddi işlər gördü.
Paralel olaraq, BMT, Avropa Şurası, həmçinin, insan haqlarının müdafiəsini əsas qayəsi elan etmiş Amnesty İnternational və Human Rigths Watch təşkilatlarına çoxsaylı müraciətlər oldu ki, bu da sonda həmin qurumların reaksiyasına səbəb oldu.
Modern.az jurnalistlərin ölümü ilə son günlər Diaspor Komitəsi və diaspor təşkilatlarının koordinasiyalı şəkildə gördükləri işlər barədə qısa məlumat təqdim edir.
Avropadakı Azərbaycanlıların Koordinasiya Şuralarının beynəlxalq təşkilatlara müraciəti
Avropada fəaliyyət göstərən İsveç, Norveç, İsveçrə və Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şuraları 4 iyun 2021-ci il tarixdə Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Koordinasiya Şuraları BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası, “Amnesty İnternational”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlara, media qurumlarına birgə bəyanat ünvanlayıblar.
Bəyanatda diqqət Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olmasına, 4 nəfərin yaralanmasına cəlb edilib. Bu dəhşətli hadisə Ermənistanın beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara məhəl qoymamasının, mina xəritələrinin Azərbaycana təhvil verilməsindən imtina etməsinin acı nəticəsi kimi qiymətləndirilib.
Qeyd edilib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli sülh razılaşmasından indiyədək azad edilmiş ərazilərdə baş verən mina partlayışları zamanı 120-dən çox azərbaycanlı həlak olub və yaralanıb. Soydaşlarımız günahsız insanların ölümünə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü nəzərə çatdırıblar.
Koordinasiya Şuraları beynəlxalq birliyi Ermənistanın yolverilməz davranışlarına biganə qalmamağa və rəsmi İrəvandan beynəlxalq hüquqa görə öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.
ABŞ azərbaycanlılarından fəal vətəndaş mövqeyi
ABŞ-dakı azərbaycanlılar Ermənistanın terrorçu hərəkətlərinə etiraz edirlər. Kəlbəcər ərazisində baş vermiş mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun faciəli şəkildə həlak olması xəbəri ABŞ-da yaşayan soydaşlarımızı hiddətləndirib.
Bu ölkədə fəaliyyət göstərən Amerika Azərbaycanlıları Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, Yuta-Azərbaycan İcmasının nümayəndələri Əsmər Qarayeva və Faiq Səfərli dəhşətli hadisə ilə bağlı BMT-yə, Avropa Parlamentinin nümayəndəliklərinə, “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatına bəyanatlar ünvanlayıblar.
Bəyanatda qeyd edilib ki, dünya, beynəlxalq və regional media qurumları Ermənistanın 30 ilə yaxın işğalından azad edilmiş Azərbaycan ərazilərində peşə vəzifələrini yerinə yetirən həmkarlarının və onları müşayiət edən dövlət məmurunun ölümünə, 4 nəfərin yaralanmasına laqeyd qalmamalıdır. Dünya birliyi və beynəlxalq ictimaiyyət Ermənistanın davamlı təxribatlarını, beynəlxalq humanitar qanunlara və konvensiyalara zidd olaraq mina xəritələrini verməkdən imtinasını ən kəskin şəkildə qınamalı və etiraz səsini ucaltmalıdır.
İsrail Kəlbəcərdəki faciə ilə bağlı diplomatik etiraz səsləndirib
İsrailin Azərbaycandakı səfiri Corc Dik də baş vermiş faciəyə biganə qalmayıb. O, ölkəsi adından Azərbaycana başsağlığı verib.
“Biz 2 jurnalistin Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olmasından dərin məyusluq hissi keçiririk. Bizim fikir və dualarımız həlak olanların ailə üzvləri ilədir”-deyə səfir açıqlama verib.
İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk Kəlbəcərdə mina partlaması nəticəsində iki jurnalist və bir məmurun həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə sabiq diplomat Tvitter hesabında paylaşım edib.
“Çox dəhşətli bir xəbərdir. İsrail də daxil olmaqla bir çox ölkələrin ölümcül minaları məhv etmək üçün münaqişədən sonra xəritələri paylaşmaları lazımdır. Azərbaycana və qurbanların ailələrinə başsağlığı verirəm”.
Rusiyalı jurnalistlədən həmkarlarının ölümünə etiraz
Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Təşkilatın saytında yerləşdirilmiş başsağlığı mətnində deyilir: “Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız – telekanalın operatoru Sirac Abışov və AZƏRTAC informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar. Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.
“Qarabağ” məktəbliləri Fransa ictimaiyyətini mina təhlükəsinə laqeyd qalmamağa səsləyib
Fransanın Nant şəhərindəki “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi zamanı təhlükə mənbəyi olan mina mövzusundan danışılıb.
Şagirdlərə mülki insanların həyatı üçün xüsusi təhlükəyə çevrilən minalar, onlarla ehtiyatlı davranma qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda azad edilmiş torpaqlarımızda Ermənistan silahlı qüvvələri tərəfindən çoxlu sayda minalar yerləşdirilib. Rəsmi İrəvanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi isə həmin ərazilərdə yenidənqurma işlərinin aparılmasına, məktəblərin, uşaq bağçalarının tikilməsinə və azərbaycanlıların doğma torpaqlarına qayıdışına böyük əngəllər törədir. Minaların böyük faciələrə səbəb olduğu, belə faciələrdən birinin 4 iyun tarixində Kəlbəcər rayonunda yaşandığı bildirilib.
Dərsin sonunda şagirdlər minaların təhlükəli olmasını əks etdirən plakatları nümayiş etdiriblər. Onlar Fransa ictimaiyyətini bu hadisəyə biganə qalmamağa, mina xəritələrinin verilməsilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, uşaqların valideynsiz qalmasına yol verməməyə səsləyiblər.
Böyük Britaniya azərbaycanlılarının səsləndirdiyi bəyanat
Britaniya Azərbaycanlıları Assosiasiyasının üzvləri Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun üzvlərinə, Avropa Şurasının müxtəlif ölkələrdəki nümayəndəliklərinə, BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarlığına, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova,Vüqar Axundov və təşkilat üzvləri adından isə “HALO Trust” təşkilatına, Human Rights Watch təşkilatına və üzvlərinə, Avropa Parlamentinin Birləşmiş Krallıqdakı Əlaqələndirici Ofisinə Kəlbəcərdə minada ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması ilə bağlı bəyanat ünvanlayıb.
Monteneqro mediası Kəlbəcərədki faciəyə biganə qalmadı
Azərbaycan–Monteneqro İqtisadi ve Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ölkənin https://skalaradio.com və https://www.aktuelno.me xəbər saytlarında Kəlbəcərdə mina partlaması nəticəsində Azərbaycan jurnalistlərinin və mülki şəxslərin həlak olması barədə ətraflı məlumat yayılıb.
Bildirilib ki, Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək həlak olublar, 4 nəfər isə yaralanıb.
Kəlbəcərdə baş verən dəhşətli hadisə işğaldan azad edilmiş rayonları tərk etməyə məcbur olan Ermənistanın bu ərazilərdə qəsdən minalar yerləşdirdiyini bir daha sübut edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin diversant qrupunun bir neçə üzvünün Kəlbəcər istiqamətindən Azərbaycan ərazisinə daxil olaraq yolları minalamağa cəhd edərkən yaxalandığına diqqət cəlb edilib.
Rəsmi Bakının mina xəritələrinin təqdim edilməsi ilə bağlı beynəlxalq səviyyədə çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistanın indiyədək bundan imtina etdiyi, beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam etdiyi vurğulanıb.
Məlumatları daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://skalaradio.com/informacija-sluzbe-za-odnose-sa-javnoscu-ministarstva-vanjskih-poslova-republike-azerbejdzan-o-smrti-civila-usljed-eksplozije-mina-u-kelbadzaru
https://www.aktuelno.me/svijet/filmska-ekipa-naletjela-na-minu-u-kelbadzaru-poginule-dvije-osobe-cetiri-ranjene/
Avstraliya azərbaycanlılarından nümunəvi addım
Avstraliya İttifaqında fəaliyyət göstərən Avstraliya–Azərbaycan Assosiasiyası (AAA) bu ölkənin siyasi liderlərinin diqqətini Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həlak olmasına cəlb edib.
Assosiasiyanın rəhbəri Mikayıl Oytanın imzaladığı bəyanat Avstraliyanın Xarici işlər naziri Maris Peyn, Senatdakı müxalifətin lideri Penni Vonq, Leyboristlər Partiyasının lideri Entoni Albaneze və Yaşıllar Partiyasının lideri Adam Bandta ünvanlanıb.
Bəyanatda faciəli hadisə haqqında ətraflı məlumat verilib, baş verənlər terror aktı və Cenevrə Konvensiyasının, beynəlxalq hüquq normalarının kobudcasına pozulması kimi qiymətləndirilib.
Qeyd edilib ki, ötən il 44 gün davam edən müharibənin bitməsindən 6 aydan çox müddət keçsə də, Ermənistan hakimiyyəti indiyədək Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yerləşdirdiyi çoxsaylı minaların xəritələrini təhvil verməkdən imtina edir. Nəzərə çatdırılıb ki, Azərbaycan bu problemin həlli ilə bağlı dəfələrlə beynəlxalq təşkilatların qarşısında məsələ qaldırıb, Avropa İnsan Hüquqları Məhkəməsinə hökumətlərarası şikayət təqdim edib.
AAA rəhbəri Avstraliyanın siyasi dairələrini və beynəlxalq ictimaiyyəti bu məsələnin həll olunması üçün Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə və təcili tədbirlər görməyə çağırıb.
Bolqarıstan mediası jurnalistlərin ölümünə görə Ermənistanı tənqid etdi
Azərbaycan–Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin sədri Mariya Pavlovnanın təşəbbüsü ilə Bolqarıstanın https://www.monitor.bg və https://bnr.bg xəbər portallarında iki azərbaycanlı jurnalistin və digər şəxslərin Kəlbəcərdə həlak olması barədə məlumat dərc edilib.
Qeyd edilib ki, ötən ilin noyabrından işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində peşə vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistləri çəkiliş meydanına aparan maşın tank əleyhinə minaya düşüb. Bu hadisə nəticəsində Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də bir nəfər dövlət məmuru həlak olub. Minaların Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirildiyinə diqqət cəlb edilib.
Məlumatı aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.monitor.bg/bg/a/view/dvama-azerbajdjanski-jurnalisti-sa-zaginali-pri-vzriv-na-mina-v-nagorni-karabah-267777
https://bnr.bg/post/101478247/dvama-azerbaidjanski-jurnalisti-sa-zaginali-pri-vzriv-na-mina-v-nagorni-karabah
BMT Almaniya azərbaycanlılarının səsini eşitsəydi, faciənin qarşısını önləmək olardı
Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman–Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə faciədən 2 həftə öncə Bonn şəhərində BMT-nin qərargahı önündə Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz əlaməti olaraq aksiya keçirilmişdi.
Faciədən az öncə keçirilən aksiyada Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirmişdi ki, pandemiya məhdudiyyətlərinə uyğun şəkildə təşkil edilən aksiyada soydaşlarımızla yanaşı, Bonn Beynəlxalq Konversiya Mərkəzinin (“Bonn International Center for Conversion”) nümayəndələri də iştirak ediblər.
Aksiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılan minaların təhlükə mənbəyi olduğunu əks etdirən plakatlar nümayiş etdirilib, yerli sakinlərə məlumatlandırıcı flayerlər paylanılıb.
Tədbir BMT-nin qərargahına bəyannamənin təqdim olunması ilə yekunlaşıb.
Bəyannamədə minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistan hökumətinə təzyiq göstərilməsi tələb edilib.
Gürcüstan mediasından Azərbaycandan olan həmkarlarının faciəvi ölümünə etiraz
Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi ilə bağlı faciə Gürcüstan mediasında geniş işıqlandırılıb. Qonşu ölkənin Rusitavi2, İmedi telekanalları, gürcü və azərbaycandilli bir sıra media qurumları – 24news.ge, interpress.ge, aktual.ge, marneulifm.ge, mtavari.tv, newpost.ge və digər kütləvi informasiya vasitlərində hadisə ilə bağlı materiallar yayımlayıb.
Hadisə zamanı həlak olan AzTV telekanalının operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun kadrları əsasında hazırlanmış videoreportajlar hazırlanıb. Xəbərlərdə ikisi jurnalist olmaqla, 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən hadisənin erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi olduğu vurğulanıb.
Gürcüstan KİV-i bu ölkənin Azərbaycandakı Səfirliyinin faciə ilə əlaqədar verdiyi başsağlığını da dərc edib.
Hadisə ilə bağlı xəbərlərin yer aldığı bəzi kütləvi informasiya vasitələrinin linki aşağıdadır:
https://rustavi2.ge/ka/news/201012
https://imedinews.ge/ge/msoflio/204617/azerbaijanuli-mediis-ori-tanamshromeli-nagmze-apetqda
https://24news.ge/read/id/52777
Qardaş Turkiyədən Azərbaycanla həmrəylik
Türkiyədə fəaliyyət göstərən federasiya və dərnəklər Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlər və dövlət məmurunun faciəli şəkildə həlak olması ilə bağlı birgə bəyanatla çıxış edib.
Bəyanatda Kəlbəcər hadisəsi 10 noyabr 2021-ci il tarixli üçtərəfli sülh razılaşmasını imzalayan Ermənistanın mülki və günahsız azərbaycanlılara qarşı hücumlarının davam etməsi kimi qiymətləndirilib. Rəsmi İrəvanın beynəlxalq hüquq normalarına və konvensiyalarına məhəl qoymadığı, mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etdiyi, II Qarabağ savaşı zamanı Gəncə, Tərtər, Bərdə və digər şəhərlərdə mülki yaşayış məntəqələrini qadağan olunmuş silahlarla bombaladığı, yüzlərlə insanın ölümünə səbəb olduğu vurğulanıb.
Diaspor təşkilatları Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz etdiklərini bəyan ediblər.
Bəyanatı Azərbaycan–Türkiyə Dost Dərnəklər Federasiyası, Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası, Adana–Azerbaycan Kültür ve Həmrəylik Dərnəyi, Alanya Azərbaycanlılar Dərnəyi, Amasya–Azərbaycan Kültür ve Sənət Dərnəyi, Ankara– Azerbaycan Kültür Evi Dərnəyi, Ankara Hazar Halk Dansları Dərnəyi, Ankara Türkiye–Azerbaycan Dərnəyi, Antalya–Azerbaycan Kültür ve Həmrəylik Dərnəyi, Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi, Balıkesir–Azerbaycan Kültür Dərnəyi, Bilecek–Azərbaycan Qardaşlıq Dərnəyi, Bursa Tərəkəmə Qarapapaq Kültür Platform Dərnəyi, Bursa GİM “AZDER”, Dərincə–Azərbaycan Evi Dərnəyi, Ədirnə–Azerbaycan Evi Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Iğdır Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi, İğdır–Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma ve Dəstəkləmə Dərnəyi, Azərbaycan Dil, Tarix və Kültür, Bilim, Yaşatma ve Dəstəkləmə Dərnəyi, Iğdır–Azerbaycan Evi Dərnəyi, Iğdır–Kafkas Çeçen Dərnəyi, Türkiyə–Azərbaycan Dərnəyinin İğdır şöbəsi, İstanbul–Azərbaycan Kültür Evi Dərnəyi, İstanbul Türkiyə–Azərbaycan Həmrəyliyi və Kültür Dərnəyi, İzmir Azer Türkleri Həmrəyliyi Dərnəyi, İzmir– Azərbaycan Kültür Mərkəzi Dərnəyi, İzmir–Azərbaycan Kültür ve Həmrəylik Dərnəyi, İzmir Çağdaş Azərbaycan Kültür Dərnəyi, Kahramanmaraş Təhsil, Kültür və Həmrəylik Dərnəyi, Qars–Azərbaycan Evi Dərnəyi, Qars–Azərbaycan Qafqaz Kültür Dərnəyi, Qars–Azərbaycan Kültür ve Həmrəylik Dərnəyi, Manisa– Azərbaycan Kültür ve Həmrəylik Dərnəyi, Muğla–Azərbaycan Kültür Dərnəyi, Samsun–Azərbaycan Türkleri Dərnəyi, Tokat Zile Azərbaycan Qarabağ Yardımlaşma Dərnəyi, Turqutlu–Azərbaycan Kültür Dərnəyinin Turqutlu Şöbəsi, Zonquldaq-Ereğli, Qars Qafqaz Folklor Dərnəyi təmsilçiləri imzalayıblar.
Bosniya və Hersoqovina mediası erməni vəhşiliyini pislədi
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Bosniyanın https://nova-zora.com xəbər saytında “Erməni qüvvələrinin yerləşdirdiyi minada iki jurnalist həlak oldu: növbəti qurban kim olacaq?” sərlövhəli məqalə yerləşdirilib.
Tanınmış bosniyalı araşdırmaçı-jurnalist Faruk Tucakoviçin qələmə aldığı məqalədə ötən il işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində azərbaycanlı jurnalistlərin və dövlət məmurunun mina partlayışı nəticəsində faciəli şəkildə həlak olduğu, bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin təxribat qrupunun Kəlbəcər bölgəsindəki Yuxarı Ayrım qəsəbəsi tərəfdən Azərbaycan ərazisinə keçməyə cəhd etdiyi, Azərbaycan ordusunun sərhəddəki mövqeyinə gedən tədarük yollarını minalamağa çalışan erməni hərbçilərinin ələ keçirildiyi və s. barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan ictimaiyyəti mina xəritələrini verməkdən imtina edən Ermənistanı dövlət səviyyəsində terror və təxribat törətməkdə, beynəlxalq təşkilatları isə biganəlikdə və hərəkətsizlikdə ittiham edir.
Məqalədə “Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin “Mən beynəlxalq ictimaiyyəti və təşkilatları günahlandırıram. Aylar keçib və hələ də minalanmış ərazilərin xəritələrini ala bilmirik” və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının “Bu yaxınlarda Kəlbəcər bölgəsinə minalar əkildi. Bu o deməkdir ki, Ermənistan dövlət səviyyəsində terror və təxribatla məşğuldur. Beynəlxalq ictimaiyyət bu məsələyə təcili cavab verməlidir” fikirlərinə yer verilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://nova-zora.com/mina-podmetnuta-od-strane-armenskih-snaga-ubila-dva-novinara-ko-je-naredna-zrtva/
Pakistan Ermənistanın mina xəritələrini verməməsini kəskin pisləyib
Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarova ilə faciənin baş verdiyi 4 iyun günü görüşmüşdü. Senat sədri Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsini, sərhəddə təxribatlar törətməsini minalanmış ərazilərin xəritələrini verməməsinə görə hərbçilərlə yanaşı, mülki şəxslər də həlak olur və ya zərər çəkdiyini qeyd etmişdi.
O, Pakistan parlamentinin bəyanat və qətnamələr qəbul edərək prinsipial mövqe nümayiş etdirdiyini, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə qətiyyətli dəstək verdiyini bir daha təkrarlayıb.
Ərəb mediası Kəlbəcərdəki faciədən yazdı
Küveyt, Əlcəzair və İordaniya mətbuatında Azərbaycanın ötən il işğaldan azad edilmiş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin və dövlət məmurunun mina partlayışı nəticəsində faciəli şəkildə həlak olması barədə məqalələr dərc edilib.
Məqalələrdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin peşə vəzifəsini yerinə yetirərkən həlak olduğu və 4 nəfərin yaralandığı nəzərə çatdırılıb.
Bildirilib ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan indiyədək minaladığı ərazilərin xəritələrini rəsmi Bakıya təhvil verməkdən imtina edir. Rəsmi İrəvanın yolverilməz davranışının beynəlxalq hüquq normalarına və 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olduğu vurğulanıb.
Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://bobiannews.net/
https://alharir.info/بيان-مشترك-عن-وكالة-تنمية-الإعلام-ووكا/
https://nayrouz.com/article/209044#.YLpSUFA7kCI
https://nayrouz.com/article/209043#.YLpRhor6nVY
http://nabdapp.com/t/88823490
İnterpress.az