Azərbaycan-Türkiyə Evi Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb.
İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Baş vermiş hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti arasında itkilər var.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən növbəti dəfə genişmiqyaslı təxribat törədilib və Azərbaycanın bir sıra əraziləri, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlər, təminat yolları minalanıb.
Bu kimi hərəkətlər Azərbaycan xalqının yaşamaq hüququnun əlindən alınması, azərbaycanlı anaların gözlərinin yaşlı qalması ilə nəticələnir. Biz ona görə də xalqımıza qarşı davam etdirilən bu kimi düşmənçilik münasibətləri kəskin şəkildə pisləyirik.
Azərbaycana qarşı etnik nifrət və düşmənçilik niyyəti ilə qəsdən və məqsədli şəkildə, insanların həyat və sağlamlığına ciddi ziyan vurmaq üçün törədilən bu kimi hərbi təxribatlar beynəlxalq humanitar hüquq normalarına ziddir və fundamental hüquq və azadlıqların kobud şəkildə pozulması faktı kimi qiymətləndirilir.
Ermənistan ötən gecədən başlayaraq başlatdığı təxribatları ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərini ləngitməyə, beləliklə də, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışı prosesini yubatmağa çalışır.
Biz beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistana bu kimi düşmənçilik siyasətini yürütməkdən əl çəkmələri üçün təzyiq göstərsinlər.
Azərbaycanlıların öz doğma yurdlarına qayıdışına təhlükə yaratmaqdan, ərazilərimizi minalardan çəkinsinlər, azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq işlərinin qarşısını almağa çalışmasınlar. Biz bütün dünya ictimaiyyətini Ermənistanın bu çirkin davranışlarına dərhal və sərt reaksiya verməyə çağırırıq.
Qeyd edək ki, bəyanatı Azərbaycan-Türkiyə Evinin, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı imzalayıb.