“BBC Sport”da ixtisar dalğası işçilərin qəzəbinə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“BBC” kanalının idman şöbəsində kütləvi ixtisarlarla bağlı planlar əməkdaşlar arasında ciddi etirazla qarşılanıb. Şöbə direktoru Aleks Key-Celski işçilərlə keçirdiyi iclasda 2.5 milyon funt sterlinq (təxminən 5.6 milyon manat) qənaət etmək məqsədilə 41 vəzifənin ləğv ediləcəyini açıqlayıb.
Qərara əsasən, “BBC News” kanalında günorta və gecə yayımlanan idman buraxılışları dayandırılacaq.
Rəhbərlik ənənəvi yayımların əvəzinə onlayn analizlərə, “YouTube” və digər sosial şəbəkələr vasitəsilə rəqəmsal auditoriyanın genişləndirilməsinə diqqət ayırmağı hədəfləyir. Bununla əlaqədar olaraq beş yeni vəzifə yaradılacaq.
Məlumat axtarışı komandasından dörd prodüserin işdən çıxarılması isə ştatın sayını 11 nəfərə qədər azaldacaq ki, bu da görülən işin keyfiyyəti ilə bağlı narahatlıqları artırıb.
Bütün bu ixtisarlar fonunda şöbə direktorunun gəliri əməkdaşlar tərəfindən birmənalı qarşılanmayıb. Aleks Key-Celskinin illik maaşı 275 000 ilə 279 999 funt sterlinq (təxminən 621 500 – 632 800 manat) təşkil edir.
Bu rəqəm həmin vəzifə üçün işə qəbul zamanı elan edilmiş 245 000 funt sterlinq (təxminən 553 700 manat) məbləğindən əhəmiyyətli dərəcədə yüksəkdir.
Xuraman Etibarlı
İnterpress.az






