Bennet Putindən İrana qarşı nələr istəyəcək?backend

Bennet Putindən İrana qarşı nələr istəyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Naftali Bennettin önümüzdəki həftə Rusiyaya edəcəyi səfər zamanı əsas mövzu İranın nüvə proqramı və yaxın zamanda nüvə silahı əldə edə bilməsi ehtimalı ilə bağlı İsrail dövlətinin narahatlığı olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq üzrə türkiyəli ekspert Heydər Oruc deyib.

Mütəxəssisin sözlərinə görə, İsrail həm də Bayden administrasiyasının İranla bu sahədə yeni bir müqavilə imzalayacağından narahatdır:

“İsrail dövləti Trampın iqtidarı zamanı nüvə məsələsində İranı sıxışdırmağa nail olurdu. Lakin Bayden prezident olduqdan sonra İsraillə münasibətlərdə İranla bağlı narahatlıq gözə çarpır. Belə ki, İsrail Baydenin sözügedən məsələdə İranla yeni bir anlaşma imzalaya biləcəyindən narahatdır. Buna görə də ABŞ-İran razılaşması olacağı təqdirdə atılacaq addımlar haqqında Avropadakı müttəfiqləri ilə, Rusiya və Çinlə danışıqlar aparır”.

Politoloq İsrail və Rusiya arasında müzakirə olunacaq məsələlərin yalnız bununla bitmədiyini də qeyd edib:

“İsrail Suriya ilə bağlı da müəyyən məsələlərdə Rusiya ilə əməkdaşlıq edir. Bildiyimiz kimi, İsrail Rusiya və ABŞ-la razılıq əsasında Suriyanın şimalında bufer zonanın formalaşdırılmasına nail olub. Lakin son vaxtlar İsrail Əsəd rejiminə aid hərbi hissələrə, İranın şiə milislərinin olduğunu səbəb göstərərək, zərbə endirir. İsrail bölgədə Rusiya ilə qarşı-qarşıya gəlməmək üçün bu hücumları Moskva ilə razılaşdırdıqdan sonra həyata keçirir. Bennett baş nazir olduqdan sonra xarici dövlət rəhbərləri ilə görüşləri az olub. O, Putinlə də ilk dəfə görüşəcək. Netanyahudan fərqli olaraq Bennettin İran məsələsinə daha rasional yanaşacağını düşünürəm. Yəqin ki, Bennett İranın nüvə silahı əldə etmək üçün göstərdiyi fəaliyyət haqqında faktları Putinə verəcək və ona bunun bütün bölgə üçün təhlükə olduğunu izah edəcək. Eyni zamanda MAQATE-nin İranın nüvə obyektlərində təftiş fəaliyyətlərində fasilələr və çətinliklər yaranıb. İsrail bütün bəhs etdiyimiz məsələlərlə bağlı Rusiyadan kömək istəyəcək”.

Heydər Oruc səfər zamanı İrandan başqa Türkiyənin Suriyadakı fəaliyyətinin də müzakirə ediləcəyini bildirib:

“İsrail xarici işlər naziri Yair Lapid də hazırda ABŞ-da səfərdədir. Səfər zamanı ABŞ vitse-prezidenti Kamala Harris, Dövlət katibi Entoni Blinken, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşlərin keçirilməsi nəzərdə tutulub. Lapidin görüşlərindəki məqsəd də Baydenin İranla nüvə sahəsində yeni bir razılığa gəlməsinə və anlaşma imzalamasına əngəl olmaqdır. Çünki İsrail növbəti dəfə Vyana danışıqlarının başlanması ilə ABŞ və İran arasında nüvə sahəsində anlaşma haqqında yaxınlaşmanın mümkün olacağından narahatdır. Ümumiyyətlə isə Bennettin Rusiya səfərinin əsas gündəmi İran, sonra Türkiyənin Suriyadakı siyasəti, Şərqi Aralıq dənizindəki proseslər və ikitərəfli əlaqələr olacaq. İsrail Rusiya vasitəsilə müəyyən məsələlərdə İrana aid zəmanət almaq istəyir. Çünki İsrail həm də İranın ballistik raket sistemlərini sınaqdan keçirməsindən narahatdır”.