“Beynəlxalq aləm Ermənistana qarşı sərt addımlar atmalıdır” – Şərhbackend

“Beynəlxalq aləm Ermənistana qarşı sərt addımlar atmalıdır” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq aləm Ermənistanın bu qeyri-adekvat hərəkətlərinə lazımi qiyməti verməlidir”.

Bu sözləri erməni təxribatlarına münasibət bildirən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri davamlı sülhün bərqərar olmasına maneələr törədir, üçtərəfli bəyanatın şərtlərinə əməl etmir, mütəmadi təxribatlar törədir, atəşkəsi pozur:

“Ermənistan 2022-ci ilin sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Bu təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbiçisi şəhid olub, hərbi və mülki infrastruktura böyük ziyan dəyib, xidməti vəzifələrini yerinə yetirən mülki insanların və hərbi qulluqçuların təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb olub. Bundan əlavə, 44 günlük II Qarabağ müharibəsi dövründə Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edilən regionlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə kölgə salmağa çalışır, bununla da regionun gələcək inkişafına mane olur.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatı, xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanmasını kəskin şəkildə pisləyirik. II Qarabağ müharibəsindən 2 ilə yaxın vaxt ötməsinə baxmayaraq Ermənistan hələ də Azərbaycan torpaqlarına basdırılmış minaların tam xəritəsini verməkdən boyun qaçırır. Avropa Birliyinin, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların ruhuna və motivinə zidd olan bu təxribatlar regionda dayanıqlı sülhü təhlükə altına salır. Bu addımı beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Azərbaycana qarşı etnik nifrət və düşmənçilik niyyəti ilə qəsdən və məqsədli şəkildə, insanların həyat və sağlamlığına ciddi ziyan vurmaq üçün törədilən bu kimi hərbi təxribatları fundamental hüquq və azadlıqların kobud pozulması faktı kimi qiymətləndiririk və təxribatlara görə birbaşa Ermənistanın siyasi və hərbi rəhbərliyinin məsuliyyət daşıyır.
Beynəlxalq aləm Ermənistanın bu qeyri-adekvat hərəkətlərinə lazımi qiyməti verməli, etiraz səsini ucaltmalı və sərt addımlar atmalıdır”.