Beynəlxalq Əlillər Gününə həsr olunmuş  inklüziv konsert proqramı keçirilib – FOTOLARbackend

Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert proqramı keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Əlillər Günü artıq 42 ildir ki, hər il dünyada qeyd olunur. Günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Bu münasibətlə, Azərbaycan Dövlət İqtisad Universitetində 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı inklüziv konsert proqramı baş tutub.

Tədbir ilk olaraq, “Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin eşitmə və danışma məhdudiyyətli üzvlərinin Azərbaycan Respublikasının Dövlət Himnini ifa etməsi ilə başlayıb.

Açılış nitqi ilə UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova çıxış edib. Bildirilib ki, UNEC hər zaman inklüziv təhsilin və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə böyük önəm verir.

Daha sonra millət vəkili Vüqar İskəndərova söz verilib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən əlilliyi olan şəxslərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində genişmiqyaslı işlər görülür. O, bu məsələdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayaraq, fondun dəstəyinin əhəmiyyətini qeyd edib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, inklüziv cəmiyyətin yaradılmasında gənclərin rolunun əhəmiyyətini qeyd edib, bu təşəbbüslərin davamlı olmasının vacib olduğunu bildirib. O, bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzi bu istiqamətdə müxtəlif layihələr və təşəbbüslər həyata keçirir, gənclərə bərabər imkanlar yaratmaq üçün xüsusi proqramlar təşkil edir.

UNEC-in İnklüziv Mərkəzinin rəhbəri Sevinc xanım Məhsimova da çıxışında UNEC-in inklüziv təhsilin inkişafı sahəsində gördüyü işlərdən danışaraq, mərkəzin əlilliyi olan tələbələr üçün yaratdığı xüsusi imkanları və dəstək mexanizmləri haqqında məlumat verib.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova, xanəndə Sunay Hacıyeva əlilliyi olan gənclərlə birgə səhnəyə dəvət olunublar. Gənclər musiqi alətlərində ifa edib, rəqs nömrələri ilə çıxış ediblər.

Qeyd edək ki, inklüziv konsert proqramı UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və İnklüziv Mərkəzi, “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti, Sosial Xidmətlər Agentliyi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəsmi tərəfdaşlığı, “Qayo Group”un əsas tərəfdaşlığı, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Gənc Könüllülər” İctimai Birliyinin təşkilati dəstəyi, “Asterias” Təlim və İnkişaf Mərkəzinin baş sponsorluğu, “World” Karyera və Peşə Mərkəzinin dost tərəfdaşlığı, “Bella” brendinin kreativ tərəfdaşlığı ilə həyata keçirilib.