Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan QHT-ləri müraciət edib.
21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri bütün dünyada sülhün bərqərar olmasını, bütün xalqların, dövlətlərin dostluq münasibətləri şəraitində yaşamasını istəyir, həmin prinsiplərə sadiqlik şəraitində bu yolda bütün səy və bacarıqlarımızı əsirgəmədiyimizi qeyd edirik.
Beynəlxalq Sülh Günü insanların sülh-əminamanlıq şəraitində yaşamaq hüququ ilə yanaşı, həm də insan hüquq və azadlıqlarının həyata keçirilməsini, eyni zamanda inkişafın, tərəqqinin və bəşəri təhlükəsizliyin təmin olunmasını özündə təcəssüm etdirir.
Azərbaycan xalqının əsas dəyərlərindən biri əsrlər boyu sülh və əminamanlıq şəraitində yaşamaq olub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti qeyd olunub.
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkə ərazisinin 20 faizinin işğal olunması, Azərbaycan xalqına qarşı amansız qırğınların törədilməsi ilə nəticələnsə belə, son onilliklər dönəmində belə xalqımız sülhdə, birgə yaşayışda maraqlı olduğunu ifadə edib. 2020-ci ildə Ermənistan tərəfinin törətdiyi növbəti geniş hərbi təxribatlara cavab olaraq baş verən 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsinə və bu əsasda sülh qurucluğu prosesinin yeni müstəvidə məhz Azərbaycan tərəfindən başladılmasına səbəb olmuşdur. Təəssüf hissi ilə bəyan edirik ki, bu gün ölkəmiz sülh quruculuğu prosesində çox aktiv olsa da, Cənubi Qafqazda sülhün qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylər göstərsə də, qarşı tərəfin davranışında adekvat münasibət görmürük. Azərbaycanın sülh əlinin uzandığı bir şəraitdə Ermənistanın siyasi tribunalarından çıxışlar edən revanşist qüvvələr yenə də müharibə çağırışları edir və bu kimi davranışı ilə ölkəmiz sayəsində bölgədə əldə olunmuş kövrək sülhü yeni təhlükələrlə üz-üzə qoyur.
Bütün bunlara baxmayaraq biz, Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq ədalətli sülh quruculuğu prosesini dəstəkləyirik və Ermənistan Respublikası ilə sülh müqaviləsinin bağlanmasının hər iki xalqın gələcək inkişafı üçün yeganə yol xəritəsi olduğunu bəyan edirik.