Biləsuvarda erkən nikahlarla bağlı maarifləndirici tədbir keçirilib – FOTOLARbackend

Biləsuvarda erkən nikahlarla bağlı maarifləndirici tədbir keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Din və Qadın Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən və qohumlar arasında nikahların qarşısının alınması” adlı layihənin icrasını davam etdirir.

Layihənin məqsədi cənub bölgəsində erkən və qohumlar arasında bağlanan nikah problemlərinin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin təşkil edilməsilə problemin ictimailəşdirilməsidir.

Layihə çərçivəsində 4 ay müddətində Azərbaycanın 6 rayonunda- Astara, Cəlilabad, Yardımlı, Biləsuvar, Masallı və Lənkəran rayonlarında keçirilməsi nəzərdə tutulan tədbirlərin hərəsində 20 nəfər olmaqla ümumilikdə 120 nəfərin iştirakı planlaşdırılır.

Problemin ictimailəşdirilməsi üçün 6 Dəyirmi Masa və maarifləndirici seminar-treninq keçiriləcək. Tədbirlərdə hədəf qrupu, yerli icra hakimiyyəti, bələdiyyələr, dini icmaların nümayəndələri, təhsil işçiləri, hüquq-mühafizə və digər müvafiq dövlət orqanları, QHT və KİV nümayəndələri iştirak edəcək.

Tədbir əsnasında Ailə Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanundan, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarından ümumi məlumat veriləcəkdir. Qanunun daha səmərəli işləməsi işləmə mexanizmləri barədə məlumat verəcək, müxtəlif qurumların qanunun işləməsi üçün birgə fəaliyyəti və s. müzakirə ediləcək.

İştirakçılar erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, onların aradan qaldırılması üçün qəbul edilən sənədlərdə cəza tədbirləri barədə maarifləndiriləcəklər. Erkən nikah problemini yaradan səbəblər müzakirə olunacaq və problemin həlli üçün müxtəlif təkliflər səsləndiriləcək. Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə qanunla müəyyən olunmuş cəzalar barədə, qohumlar arasında nigahın fəsadları haqda məlumatlar veriləcək, fikir mübadiləsi aparılacaq.Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumların problemin həlli üçün birgə fəaliyyəti müzakirə ediləcək. İştirakşıların rəy və təklifləri toplanacaq.

Layihə çərçivəsində növbəti tədbir avqustun 13-də Biləsuvar rayonunda keçirilib. 23 nəfərin iştirak etdiyi tədbirdə cəmiyyətin müxtəlif təbəqəsini təmsil edən insanlar iştirak edib. Bu səbəbdən müzakirələr daha canlı keçib.

İştirakçılar qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər haqqında məlumatlandırılıblar.

Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə də tanış olublar.

Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanmasına yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Bütün bu məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və qızğın müzakirəyə səbəb olub.

Kiçik qruplarda iş və təqdimat həyata keçirilib.

Tədbirdən sonra iştirakçılar çay və şirniyyat süfrəsi arxasında mövzu ilə bağlı söhbətlərini davam etdiriblər.