Arsen Markaryanın həbs müddəti noyabrın 9-dək uzadılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bloqer israr edir ki, o, həbs zamanı baqajda gizlənməyib, sərnişin oturacağında əyləşib.
Markaryanın müdafiə tərəfinin bildirdiyinə görə, o, iyulun 14-də Moskvaya gəlib və bir aydan artıq sakitcə “paytaxtda gəzib, videolar çəkib”.
“Bloqerə qarşı iş isə iyunun 9-da açılıb”, – vəkil bildirib.
Markaryanın vəkilləri məhkəməyə 51 səhifə bloqerin “yaxşı həyat tərzi sürdüyünü və istintaqla əməkdaşlıq edəcəyini” iddia edən sənədləri gətiriblər.
Markaryanın özü Rusiyanı tərk etmək fikrində olmadığını bildirib:
“Mən baqajda yox, sərnişin oturacağında idim. Axtarış barədə mənə heç kim xəbər verməyib. Xaricə getməyi düşünmürdüm – mənim yanımda heç bir sənəd belə yox idi, xaricdən nə söhbət ola bilər”.
Markaryan avqustun 23-də saxlanılıb. Polisin məlumatına görə, o, Belarusa gedən avtomobildə gizlənib.
Bloqerə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb.
Maddəyə əsasən maksimum cəza beş ilə qədər həbsdir. Dindirilmə zamanı Markaryan təqsirini boynuna almayıb.
Xuraman Etibarlı
İnterpress.az