“Bu gün Qarabağ və Şərqi Zəngəzur əsrin nəhəng tikinti meydançasını xatırladır”.
Bu sözləri bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, Zəngilanın Ağalı kəndinə qayıdışın başlanması olduqca mühüm tarixi hadisədir:
“30 ilin məşəqqətlərindən sonra bu gün soydaşlarımızın yurd həsrətinə son qoyulması həm siyasi, həm də mənəvi-psixoloji baxımdan olduqca əhəmiyyətli hadisədir. 44 günlük müharibə bitəndən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü və daimi nəzarəti ilə həm Qarabağda, həm də Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilməsinin ilkin nəticələri artıq özünü göstərməkdədir. Yollar çəkilir, hava limanları tikilir, məktəblər və xəstəxanalar bərpa edilir. Bir sözlə, bu gün Qarabağ və Şərqi Zəngəzur əsrin nəhəng tikinti meydançasını xatırladır.
Məcburi köçkünlük həyatına son qoyulan soydaşlarımızın qayıdışı üçün layihələr həyata keçirilir. Bu istiqamətdə ilk olaraq Zəngilanın Ağalı kəndində bərpa olundu. Bu kənd bütünlüklə “Ağıllı kənd” konsepsiyası əsasında qurulub və bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Bu gün 58 nəfərdən ibarət 10 ailənin Ağalı kəndinə köçürülməsinə start verildi. Ümid edirəm ki, işğaldan azad olunan ərazilərin hər yerində bu cür qayıdış sevincinin şahidi olacağıq”.