Slovakiya Azərbaycanlıları Assosiasiyasının (SAA) təşkilatçılığı ilə Bratislava şəhərində Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Slovakiyanın Prezident Administrasiyası qarşısında gerçəkləşdirilən aksiyada “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.
Eyni zamanda SAA-nın təşəbbüsü ilə https://www.hlavnydennik.sk xəbər portalında Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat dərc edilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar.
10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partladıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb edilib. Ermənistan hakimiyyətinin bu yolverilməz hərəkəti “bölgədəki sülh və sabitliyə təhdid” və “xoş məramın olmaması” kimi qiymətləndirilib.
İnterpress.az