Bütün işğaldan azad olunmuş bölgələrdə olduğu kimi, Cəbrayıl rayonunda da genişmiqyaslı yenidənqurma aparılır. Bərpa edilmiş infrastruktur, yollar, məktəblər və xəstəxanalar regionun əvvəlki şöhrətini bərpa edir.
Cəbrayıla köçürülən ailələr üçün müasir evlər və sosial obyektlər tikilib. “Böyük Qayıdış” proqramı çərçivəsində, işğaldan azad edilən ərazilərdə həyat yenidən canlanır, torpaqlarımız doğma sakinlərinə qovuşur. 2025-ci ilin birinci yarısında da bu proses davam edib.
VHP Cəbrayıl rayon təşkilatının sədr müavini Sərvər Hüseynov Cəbrayılda 32 ildən sonra işıqların yanmasını xalqımızın iradəsinin və dövlətimizin gücünün rəmzi kimi dəyərləndirir:
“Son aylarda Qarabağın müxtəlif bölgələrində, o cümlədən Cəbrayıl rayonunda gedən genişmiqyaslı tikinti-quruculuq işləri tariximizin yeni mərhələsidir. İllərlə viran qalmış kəndlərimizin bərpası, yolların çəkilməsi, elektrik, su və qaz infrastrukturunun qurulması, məktəb, tibb məntəqəsi və digər sosial obyektlərin inşası, sadəcə fiziki tikinti deyil, milli ruhun, Vətən sevgisinin təntənəsidir.
Xüsusilə Cəbrayıl kəndlərinin yenidən dirçəlməsi, evlərin tikilməsi və ilk köç karvanlarının rayona dönməsi 32 ildən sonra tariximizin ən möhtəşəm dönüşlərindən biridir. Bu gün kəndlərimizdə işıqların yanması, küçələrdə uşaq səsinin eşidilməsi, həyətlərdə ocaq tüstüsünün qalxması təkcə Cəbrayıl üçün yox, bütün Azərbaycan üçün qələbənin real təsdiqidir.
Cəbrayıl camaatı doğma torpaqlarına qayıdaraq burada yeni həyat qurur. Bu, həm də o deməkdir ki, işğalın acısını yaşamış nəsillərdən sonra azadlıqda böyüyəcək yeni nəsil yaranır. Onlar artıq Vətənində, azad yurdlarında böyüyəcək, təhsil alacaq, işləyəcək və Qarabağın abad gələcəyinə töhfə verəcəklər.
Bu həm də bütün dünyaya bir mesajdır ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmaqda, onları abadlaşdırmaqda və gələcəyə daşımaqda qətiyyətlidir.
Bu prosesi xalqımızın iradəsinin, dövlətimizin gücünün və 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin davamı hesab edirik. Bu gün Cəbrayılda baş verənlər göstərir ki, Azərbaycan dövləti öz vətəndaşına söz verib və onu yerinə yetirir. Bu, həm də gələcək nəsillərə ən böyük mirasdır-azad torpaq, güclü dövlət və milli birlik”.