Cənubi Afrika Respublikasının Rustenburq şəhərində işçiləri daşıyan liftin şaxtaya düşməsi nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Afrikanın şimal-qərb əyalətinin Rustenburq şəhərində Impala Platinum şirkətinə məxsus mədəndə işçiləri daşıyan lift təxminən 200 metr aşağı düşüb.
Şirkətdən verilən açıqlamada 86 işçinin çalışdığı liftdə 11 işçinin öldüyü, 75 işçinin isə yaralanaraq xəstəxanaya aparıldığı bildirilib.
Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir və şirkətin rayondakı bütün mədən fəaliyyəti dayandırılıb.
Şirkətin baş direktoru Niko Müller deyib ki, bu gün Impala tarixinin ən qaranlıq günüdür. Milli Mədən İşçiləri Birliyinin (NUM) məlumatına görə, bu ilin sentyabr ayına kimi Cənubi Afrikada 27 ölümlə nəticələnən mədən qəzası qeydə alınıb.